Gənc şair, şəhid Ziyad Türksoy Qarabağlının xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi
Noyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının inzibati binasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış gənc şair Ziyad Türksoy Qarabağlının – Ziyad Muradxan oğlu Muradovun əziz xatirəsinə həsr olunmuş «Misralarda yaşayan şəhid» kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə şəhid ailələri, YAP Nərimanov rayon təşkilatının nümayəndələri, müəllimlər, şagirdlər, ziyalılar, qələm adamları, şəhidin dostları, yaxınları və digər qonaqlar iştirak edirdilər.
Tədbiri kitabın tərtibçisi, həmmüəllifi, redaktoru və ön söz müəllifi, şair-publisist Rauf İlyasoğlu açaraq mərasim iştirakçılarını salamladı, şəhid ailələrinə, müəllimlərə, şagirdlərə və qonaqlara təşəkkürünü bildirdi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Nərimanov rayon təşkilatı sədrinin müavini Anar Abbasov çıxış edərək tədbir iştirakçılarını salamladı, təşkilat rəhbərliyi adından onları Zəfər bayramı münasibətilə təbrik etdi. Şəhidlərimizin həyat və döyüş yollarının, Vətənə sədaqət nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı.
Sonra Rauf İlyasoğlu kitabın ərsəyə gəlmə tarixçəsi, hazırlanması zamanı görülən işlər və Ziyadın ədəbi irsinin qorunması istiqamətində göstərilən səylər barədə məlumat verdivı şagirdlərə Ziyad Muradovun şeirlərini öyrədən Zəminə müəlliməyə təşəkkürünü bildirdi .
O qeyd etdi ki, Ziyad Muradxan oğlu Muradovun sağlığında qələmə aldığı şeirlərin bir qisminin vaxtilə Tehranda, Xudafərin mətbəəsində çap olunmasında, eyni adlı jurnalda işıq üzü görərək əski əlifba ilə oxuculara çatdırılmasında onun da müəyyən xidmətləri olub. Bu işdə əməyi olan naşir Hüseyn Şərqi Dərəçicəyə, eləcə də kitabın nəşrində zəhmət çəkən «İmza» nəşriyyat evinin direktoru, naşir Səbuhi Aslana minnətdarlığını bildirdi.
Ardınca Ziyadın həyat və döyüş yolunu, uşaqlıq və məktəb illərini, ədəbi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirildi. Şəhidin həyatından görüntülər və şeirləri iştirakçılarda kövrək duyğular oyatdı.
Tədbirdə 73 saylı tam orta məktəbin müəllimi, Ziyadın ibtidai sinif müəlliməsi, kitabın tərtibçilərindən və həmmüəlliflərindən biri Zəminə Mahmudova çıxış edərək şairin uşaqlıq illəri, məktəb həyatı, istedadı və yaddaşında yaşayan unudulmaz xatirələri bölüşdü.
Zəminə müəllimə bildirdi ki, kitabın hazırlanmasına şəhidin atası Muradxan kişinin təşəbbüsü və məsləhəti ilə başlanılıb. Rauf İlyasoğlunun verdiyi istiqamət və tövsiyələr əsasında Ziyada dərs demiş müəllimlərin xatirələri, məktəbdə keçirilmiş tədbirlərin materialları toplanaraq nəşrə hazırlanıb. «Həkəri» qəzetinin şöbə müdiri, I qrup Qarabağ qazisi, ilahiyyatçı-yazıçı Həsən Hüseyninin, qəzetin hüquqşünası Dilbər Ağayevanın, Tərtər rayon məscidinin imam müavini, ilahiyyatçı Saleh bəyin yazıları, eləcə də şəhidin şeirlərinin bir qismi kitaba daxil edilib. O, bu işdə əməyi olan hər kəsə təşəkkürünü çatdırdı.
73 saylı tam orta məktəbin direktoru , vətənpərvər ziyalı Günay xanım Cəlilova çıxışında şəhidlərin həyat və yaradıcılığının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan danışdı. Kitabın hazırlanmasında göstərdikləri zəhmətə görə Rauf İlyasoğluna və Zəminə Mahmudovaya təşəkkürünü bildirdi.
Məktəbin fizika müəllimi Mirəli Babayev də çıxışında vaxtilə dərs dediyi sevimli şagirdi olmuş Ziyadın məktəb illərindən, onun şəxsiyyətindən, fitri istedadından və Vətənə bağlılığından danışdı. Səmimi və alovlu çıxışı tədbir iştirakçılarında dərin təəssürat yaratdı.
Əməkdar jurnalist, yazıçı, yarım əsrdən artıqdır mətbuatda çalışan, «Lerik» və «Azad Təfəkkür» qəzetlərinin təsisçisi və baş redaktoru İdris Şükürlü çıxışında şəhidlik zirvəsinin mənəvi ucalığından, Vətən uğrunda canından keçən igidlərin adlarının xalq yaddaşında əbədi yaşayacağından danışdı. Belə kitabların şəhidlərin tanıdılması və gələcək nəsillərə örnək göstərilməsi baxımından əhəmiyyətini vurğuladı.
Azərbaycan Dövlət Dənizçilik Akademiyasının baş müəllimi, şair və bəstəkar Aydın Qafarov Ziyadla hərbi xidmətdə bir otaqda qaldığı günləri xatırladı. Onun səmimiyyətindən, dostcanlılığından, insanpərvərliyindən, çörəyini dostları ilə bölüşmək kimi gözəl xüsusiyyətlərindən danışdı. Bildirdi ki, Ziyad ona da şeir həsr edib.
Aydın müəllim Rauf İlyasoğlu ilə söhbətlərinin birində Ziyad haqqında kitab hazırlandığını eşidəndə Füzuli rayonunun Qocəhhmət sovetliyindən, Arışlar kəndindən olan döyüş dostu ilə bağlı xatirələrini də çatdırmaq istədiyini söylədiyini bildirdi. Rauf İlyasoğlu həmin xatirələrin təcili göndərilməsini xahiş edib. Aydın müəllim yazdığı məqalənin kitaba daxil edilməsini yüksək qiymətləndirərək bu diqqətə görə təşəkkürünü çatdırdı. Ziyadın hərbi xidmətdə çörəyini onunla bölüşməsi və özünə şeir həsr etməsi barədə danışarkən kövrəldi.
Vətən Fədailəri Konfederasiyasının sədri Hicran Tağıyeva da çıxış edərək şəhid Ziyad Muradovun xatirəsinin yaşadılmasının, onun yaradıcılığının gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışdı. Kitabın ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlığını bildirdi.
Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədr müavini, döyüşçü-qazi İsa Musayev çıxışında şəhidlərin və qazilərin xatirəsinin yaşadılmasının vacibliyindən danışdı. Birliyin rəhbəri Tahir müəllimin adından Rauf İlyasoğlunu təbrik etdi, onun şəhid və qazilər haqqında yazdığı kitabları və ədəbi-publisistik fəaliyyətini yüksək qiymətləndirdi və onu fəxri diplomla təltif edərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Rauf İlyasoğlu öz növbəsində bildirdi ki, əldə etdiyi bütün uğurlara görə, ilk növbədə, şəhidlərimizə və qazilərimizə borcludur. Onların qəhrəmanlığını yazmaq, adlarını yaşatmaq hər bir qələm adamının mənəvi borcudur.
Tədbirdə Ziyada dərs demiş digər müəllimlər də çıxış edərək onun məktəb illərindən, intizamından və fitri istedadından danışdılar. Məktəbin riyaziyyat müəllimi Təranə İmanova və tarix müəllimi Flora Hüseynova vaxtilə Ziyad Muradova, Səbuhi Sadıqova və Əli Bayramova dərs dedikləri illərlə bağlı xatirələrini bölüşdülər.
Ziyadın yaxın qohumu yazıçı jurnalist Fərqanə Hüseynli ,vətənpərvər ziyalı Zaman Həsənəliyev Naxçıvanlı da öz ürək sözlərini söylədilər.
Tədbirin bədii hissəsi də maraqlı və yaddaqalan oldu. 73 saylı tam orta məktəbin şagirdləri şəhid Ziyad Türksoy Qarabağlının şeirlərindən ibarət kompozisiya ilə çıxış etdilər. Onların ifasında səslənən misralar Ziyadın poetik dünyasını, Vətən sevgisini və zəngin mənəvi aləmini tədbir iştirakçılarına çatdırdı.
Məktəblilərdən birinin saz havası ifa etməsi mərasimə xüsusi ovqat bəxş etdi. Tanınmış muğam ifaçısı, şəhidin ailəsinin yaxın dostu Eldəniz Məmmədov da çıxış edərək Ziyadın xatirəsinin əbədiləşdirilməsi üçün zəhmət çəkənlərə təşəkkürünü bildirdi və Zəfər ruhlu mahnı ifa etdi.
Kitabın məsləhətçisi, şəhidin atası Muradxan Muradov və anası Tahirə xanım da çıxış edərək oğullarının əziz xatirəsinə göstərilən diqqətə, onun həyat və yaradıcılığının kitab halında oxuculara təqdim edilməsinə, belə mənalı tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər. Valideynlərin çıxışı mərasim iştirakçıları üçün xüsusilə təsirli anlarla yadda qaldı.
Beləliklə, «Misralarda yaşayan şəhid» kitabının təqdimat mərasimi sadəcə bir nəşrin oxuculara təqdimatı deyil, həm də bir şəhidin ömür yoluna, yaradıcılığına, arzularına və Vətən sevgisinə ehtiramın ifadəsinə çevrildi.
Ziyadın şeirləri səsləndikcə, onun haqqında xatirələr danışıldıqca bir həqiqət yenidən təsdiqini tapdı: insanın ömrü illərlə deyil, gördüyü işlərlə, yaratdığı əsərlərlə, xalqının qəlbində qazandığı yerlə ölçülür. Ziyad qısa ömrünə böyük mənalar sığdırdı. Qələmi ilə könüllərə yol etdi, Vətən uğrunda canından keçərək adını tarixə yazdı.
«Misralarda yaşayan şəhid» kitabı bir gənc şairin həyat və yaradıcılığını, yarımçıq qalmış arzularını, düşüncələrini, müəllimlərinin, dostlarının və doğmalarının yaddaşında yaşayan xatirələrini gələcək nəsillərə çatdıran mənəvi yadigardır.
Tədbirin sonunda iştirakçılara kitab hədiyyə olundu, xatirə şəkilləri çəkdirildi.
Ziyad Türksoy Qarabağlının ömrü yarımçıq qalsa da, Vətən sevgisi, poetik irsi və əziz xatirəsi yaşayacaq. Çünki şəhidlər xalqın yaddaşında, tarixində və yaratdıqları misralarda əbədi yaşayırlar!
Ruhun şad olsun, Ziyad! Sənin misraların da, adın da yaşayacaq!
Rauf İlyasoğlu
Allahverdiyev,
Şair-publisist,
«Həkəri» qəzetinin baş redaktoru













