Hicab, insan hüquqları və Azərbaycan reallıqları haqqında

Əziz qızım Tomris!

Bu məktubu sənə yalnız bir ata kimi deyil, ömrünün böyük hissəsini Vətənindən uzaqlarda keçirsə də, Azərbaycanın taleyini heç vaxt öz taleyindən ayrı görməyən bir insan kimi yazıram.

Son günlər Bakıda məktəblərdə vahid məktəbli forması və hicab məsələsi ətrafında müzakirələr gedir. 

Ölkədə müstəqil gündəlik mətbuatın kifayət qədər olmadığı, dövlətə bağlı televiziya kanallarının isə, əsasən, şou proqramlarına üstünlük verdiyi bir şəraitdə bu mövzu daha çox Facebook və digər sosial şəbəkələrdə müzakirə olunur.

Mən də bu məsələ ilə bağlı bir neçə paylaşım etdim, şərhlər yazdım. Xüsusilə azyaşlı uşaqları mübahisələrin mərkəzinə çəkərək hicab məsələsindən siyasi məqsədlər üçün istifadə edən qüvvələrə etirazımı bildirdim və bu barədə məqalələrlə çıxış etdim.

Müzakirələr zamanı İngiltərədə yaşayan tanınmış hüquqşünas Qurban Məmmədli ilə aramızda emosional polemika yarandı. Mən hicabın Azərbaycan cəmiyyətində, xüsusilə məktəb yaşlı uşaqların həyatında doğura biləcəyi fəsadlardan, dini məsələlərin siyasiləşdirilməsindən və xarici təsirlərin ölkəmizin gələcəyinə mümkün təsirlərindən narahatlığımı ifadə edirdim. Qurban Məmmədli isə öz mövqeyini beynəlxalq insan hüquqları və vicdan azadlığı prinsipləri ilə əsaslandırırdı.

Fikirlərimiz fərqli idi. Təəssüf ki, müzakirə getdikcə emosional xarakter aldı...

Məhz belə bir vaxtda sən də müdaxilə edib məsələyə münasibət bildirdin. 

Niderlandda yaşayan hüquqşünas qızım kimi geniş izahat yazdın, beynəlxalq hüquq normalarına və insan hüquqları prinsiplərinə çoxsaylı istinadlar gətirdin. Uşaqların hüquqlarının pozulduğunu əsas gətirərək Qurban Məmmədlinin mövqeyini müdafiə etdin.

Öz atan Elman Mustafazadəni uşaqların seçim hüququna qarşı çıxmaqda sərt şəkildə tənqid etdin.

Bilirəm, sən bunu hüquqi biliklərinə, inandığın prinsiplərə və insan hüquqlarına münasibətinə əsaslanaraq etdin.

Bəs bilirsənmi, qızım, bütün bunların içində məni ən çox sevindirən nə oldu?

Sənin öz fikrinin olması, öz mövqeyini müdafiə etməyin və lazım bildikdə hətta öz atanı tənqid etməkdən çəkinməməyin.

Bu, təəssüf ki, Azərbaycan cəmiyyətində hələ də hər ailədə rast gəlinməyən bir münasibətdir. Çünki bəzi ailələrdə övladın valideynlə mübahisə etməsi, onun fikrinə qarşı çıxması və ya öz mövqeyini sərbəst ifadə etməsi hələ də qəbuledilməz sayılır.

Mən isə siz övladlarımı heç vaxt kor-koranə itaət ruhunda böyütməmişəm. İstəmişəm ki, düşünsünlər, sorğulasınlar, başqalarının fikirlərini dinləsinlər, amma son qərarlarını özləri versinlər. Heç vaxt mənimlə eyni düşünmələrini tələb etməmişəm.

Ona görə də sənin məni tənqid etməyin məni incitmir. Əksinə, müstəqil düşüncəli bir insan yetişdirdiyim üçün sevinirəm. Mənim üçün övladın atasına etiraz edə bilməsi ailədə qorxunun deyil, azad düşüncənin mövcudluğunun göstəricisidir.

Ancaq, əziz qızım, səninlə bölüşmək istədiyim başqa bir həqiqət də var.

Azərbaycan reallıqları hər ölkənin reallığı ilə eyni deyil

Sən Azərbaycanı hələ bir yaşında tərk etmisən. Həyatın, təhsilin, dünyagörüşün və peşəkar fəaliyyətin əsasən Avropada formalaşıb. Bu, sənin qazancındır. Hüququn aliliyinə, insan ləyaqətinə və fərdi azadlıqlara hörmət edən bir mühitdə yetişməyinlə fəxr edirəm.

Amma Azərbaycanı da öz yaşadığım təcrübə ilə tanıyıram.

Azərbaycan İngiltərə deyil, Amerika da deyil. Biz tarix boyu mürəkkəb geosiyasi şəraitdə yaşamış, müstəqilliyimizi və azadlığımızı qorumaq üçün ağır mübarizələr aparmışıq.

Şimalımızda Rusiya, cənubumuzda İran, ətrafımızda isə müxtəlif dövlətlərin və siyasi qüvvələrin maraqları olub. Müstəqilliyimiz, milli kimliyimiz və dövlətçiliyimiz dəfələrlə ciddi sınaqlarla üzləşib. Bu gün də Rusiya, İran və digər xarici siyasi mərkəzlərin bölgəmizdəki maraqları Azərbaycanın təhlükəsizliyi və gələcəyi barədə düşünməyə əsas verir. Mən narahatam ki, ölkəmiz kənar qüvvələrin siyasi və ideoloji mübarizə meydanına çevrilə bilər.

Əziz qızım  Tomris, tariximizin bir məqamını da xatırlatmaq istəyirəm.

Çar Rusiyası dövründə bölgədə müxtəlif xalqların öz dillərində dünyəvi təhsil alması məsələsinə münasibət eyni deyildi. Azərbaycan türklərinin dünyəvi təhsil imkanları ciddi məhdudiyyətlərlə üzləşirdi. Ənənəvi dini təhsil isə, əsasən, mədrəsələr və məzhəblərlə bağlı tədris müəssisələri vasitəsilə həyata keçirilirdi.

Tariximizin bu dövründə dini fərqlərdən siyasi məqsədlər üçün istifadə edilməsi də təsadüfi deyildi. Sünni-şiə qarşıdurmalarının dərinləşməsi cəmiyyətimizin birliyinə zərbə vururdu. Mən hesab edirəm ki, bu tarixi təcrübədən nəticə çıxarmalıyıq. Bu gün də xarici qüvvələrin dini və məzhəbi fərqlərdən istifadə edərək Azərbaycan cəmiyyətinə təsir göstərməyə çalışması ehtimalına biganə qala bilmərik.

Amma bir həqiqəti də unutmamalıyıq: biz artıq əvvəlki dövrlərin milləti deyilik. Tariximizi, milli kimliyimizi və dövlətçiliyimizi qorumaq üçün daha ayıq, daha məlumatlı və daha məsuliyyətli olmalıyıq.

Bizim tariximiz yalnız kitab səhifələrindən ibarət deyil. Bu tarixdə itkilərimiz, ağrılarımız, mübarizəmiz və qorumağa çalışdığımız müstəqilliyimiz var.

Mən Avropada yaşadığım uzun illər ərzində müxtəlif cəmiyyətləri, siyasi sistemləri və insanları müşahidə etmişəm. Avropada yaşamaq mənə dünyanı daha geniş görməyi öyrədib. Amma Vətəndən uzaqda yaşamaq Azərbaycanı unutmaq demək deyil. Əksinə, bəzən uzaqlıq insana doğma ölkəsinin taleyi haqqında daha çox düşünmək imkanı verir.

Mənim narahatlığım da məhz bu təcrübədən qaynaqlanır.

Mənim etirazım dinə deyil, dinin siyasi alətə çevrilməsinədir

Qızım, istəyirəm ki, bir məsələni düzgün anlayasan. Mənim narahatlığım insanların dini inanclarına görə ayrı-seçkiliyə məruz qalması ilə bağlı deyil.

Hər bir insanın vicdan və inanc azadlığına hörmət edilməlidir. Heç kəs yalnız dini inancına, inancsızlığına və ya geyiminə görə təhqir edilməməli, alçaldılmamalı və hüquqlarından məhrum edilməməlidir.

Ancaq dinin mənəvi inanc olmaqdan çıxarılaraq siyasi təsir vasitəsinə çevrilməsi tamam başqa məsələdir.

Bu dəfə Azərbaycanı qarış-qarış gəzdim. Ölkəmizin şimal bölgəsində vəhabilik, cənub bölgəsində isə şiəlik adı altında fəaliyyət göstərən dini cərəyanların təsirinin artdığını müşahidə etdim. 

Bəzi radikal dini qruplar arasında məzhəb düşmənçiliyi açıq şəkildə özünü göstərir. Vəhabilərin şiələrə, şiələrin isə vəhabilərə münasibətində qarşılıqlı nifrət və dözümsüzlük nümunələrinə rast gəlmək mümkündür.

Məni narahat edən bu qarşıdurmaların cəmiyyətin birliyinə vurduğu zərərdir.

Hesab edirəm ki, xaricdən idarə olunan və ya xarici dini-siyasi mərkəzlərin təsiri altında fəaliyyət göstərən bəzi qruplar əhalinin sosial və iqtisadi baxımdan həssas təbəqələrinin çətinliklərindən istifadə edə bilərlər. 

Bu qüvvələrin məqsədlərindən biri Azərbaycanın dünyəvi quruluşuna və milli birliyinə təsir göstərmək ola bilər. Dövlətin bu təhlükələrə qarşı nə dərəcədə effektiv mübarizə apardığı isə ciddi müzakirə mövzusudur.

Ölkədə insan hüquqlarını müdafiə edən təşkilatların, müstəqil mətbuatın və müxalif siyasi qüvvələrin fəaliyyət imkanlarının məhdud olması belə məsələlərin açıq və hərtərəfli müzakirəsini çətinləşdirir. 

Müstəqil gündəlik qəzetlərin yoxa çıxması, televiziya kanallarında ictimai-siyasi problemlərə kifayət qədər yer verilməməsi, ziyalıların ictimai müzakirələrdən kənarda qalması məni xüsusilə narahat edir.

Sovet dövründə belə Azərbaycan güclü ziyalı təbəqəsi ilə seçilirdi. Bu gün isə cəmiyyətin ziyalı potensialının ictimai proseslərə təsiri əvvəlki səviyyədə deyil. Halbuki belə mürəkkəb məsələlərdə cəmiyyətin düşünən, sorğulayan və istiqamət göstərən insanlarının mövqeyi olduqca vacibdir.

Əziz Tomris, hicab məsələsinin ətrafında yaranan gərginlik də məni məhz buna görə narahat edir.

Mətbuatda yayılan məlumatlara görə, bu müzakirələr fonunda məktəblərdə gərginlik yaşanıb, müəllimlərə və onların əmlakına qarşı zorakılıq halları baş verib. Belə hadisələrin hər biri obyektiv araşdırılmalı, qanun pozuntularına hüquqi qiymət verilməlidir. Hüquq-mühafizə orqanlarının vəzifəsi isə ictimai asayişi qorumaqla yanaşı, hər kəsin hüquqlarının təmin edilməsinə nail olmaqdır.

Mənim qənaətim budur ki, dini məsələlərdən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq istəyən qüvvələrin fəaliyyəti diqqətlə araşdırılmalıdır. Ancaq bu zaman dindar vətəndaşların hüquqları da qorunmalı, konkret hüquq pozuntularına görə məsuliyyət fərdi qaydada müəyyən edilməlidir.

Belə bir şəraitdə azyaşlı uşaqları dini və siyasi mübahisələrin mərkəzinə çəkmək xüsusilə təhlükəlidir.

Tarix dəfələrlə göstərib ki, dini hisslər siyasi məqsədlər üçün səfərbər edilə bilər. İnsanların inancından istifadə etməklə cəmiyyətlər parçalanır, fərqli düşünənlər düşmən elan olunur, qadınların və uşaqların həyatına müdaxilə isə adi hal kimi təqdim edilir.

Məni narahat edən məhz budur.

Mən Azərbaycan cəmiyyətinin məzhəblərə bölünməsini, dini qruplaşmaların bir-biri ilə qarşıdurmaya girməsini və insanların xarici dini-siyasi mərkəzlərin təsiri altına düşməsini istəmirəm.

Bu təhlükələrdən danışmaq dindar insanlara qarşı çıxmaq demək deyil. Əksinə, inancından asılı olmayaraq, hər bir vətəndaşın azad və təhlükəsiz yaşamaq hüququnu qorumaq deməkdir.

Mənim üçün dünyəvilik dinə düşmənçilik deyil. Dünyəvi dövlət hər kəsin inancına hörmət etməli, eyni zamanda heç bir dini baxışın bütün cəmiyyətə məcburi şəkildə qəbul etdirilməsinə imkan verməməlidir.

Dövlətin vəzifəsi insanın inancını müəyyənləşdirmək deyil, onun hüquqlarını qorumaqdır.

Uşaqların hüquqları və məktəbin məsuliyyəti

Sən məni uşaqların seçim hüququna qarşı çıxmaqda ittiham edirsən. Mən isə bu məsələyə başqa tərəfdən baxıram.

Uşaqların hüquqları qorunmalıdır. Onların ləyaqəti, təhsili, sağlam inkişafı və gələcəkdə müstəqil qərarlar vermək imkanları hər şeydən vacibdir.

Ancaq uşaqların hüquqlarından danışarkən onların yaşını, psixoloji inkişafını, ailə və cəmiyyət mühitinin təsirlərini də nəzərə almalıyıq.

Uşağın hər hansı seçiminin həqiqətən onun öz iradəsi ilə edilib-edilmədiyi, yoxsa ailə və ictimai təzyiqin nəticəsi olduğu sualı diqqətdən kənarda qalmamalıdır.

Mənim narahatlığım azyaşlı uşaqların böyüklərin dini və siyasi mübahisələrinin alətinə çevrilməsidir.

Bir məqam da diqqətimi çəkir. Əgər bəzi dini qruplar uşaqların hicab hüququnu müdafiə etmək məsələsində bu qədər fəaldırlarsa, bəs həbsdə olan gənc jurnalist qadınların hüquqlarının müdafiəsində niyə eyni fəallığı göstərmirlər? 

İnsan hüquqları yalnız dini baxışımıza uyğun gələn məsələlərdə müdafiə edilə bilməz. Hüquqlar hamı üçün eyni dərəcədə vacibdir.

Uşaqları kənardan verilən siyasi və ya ideoloji sifarişlərin icrasına cəlb etmək, onları böyüklərin mübarizəsinin ön cəbhəsinə çıxarmaq yolverilməzdir.

Məktəb isə bütün uşaqların bərabər təhsil aldığı, özünü təhlükəsiz hiss etdiyi, bilik və dünyagörüşü qazandığı bir məkan olmalıdır.

Vahid məktəbli forması məsələsi də bu baxımdan müzakirə edilə bilər. Lakin hər hansı qərar verilərkən uşaqların hüquqları, təhsilin dünyəvi xarakteri və qanunvericiliyin tələbləri birlikdə nəzərə alınmalıdır.

Qanuni qüvvəyə minmiş qaydalar hamı üçün eyni şəkildə tətbiq edilməlidir. Bununla yanaşı, həmin qaydaların özünün insan hüquqlarına və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğunluğu da hüquqi baxımdan qiymətləndirilməlidir.

Mən hesab edirəm ki, bu məsələlər emosiyalarla deyil, cəmiyyətin gələcəyini düşünərək müzakirə edilməlidir.

Mən sənin hüquqşünas kimi insan hüquqlarını müdafiə etməyini istəyirəm. Ancaq düşünürəm ki, hüquqi prinsipləri konkret ölkənin tarixi və ictimai reallıqları ilə birlikdə təhlil etmək də vacibdir.

Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşir. Buna görə də ölkənin təhlükəsizliyini, dünyəvi quruluşunu və ictimai sabitliyini qorumaq məsuliyyətini də nəzərə almalıyıq. Bununla belə, təhlükəsizlik məsələləri insan hüquqlarının əsassız məhdudlaşdırılması üçün bəhanəyə çevrilməməlidir.

Beynəlxalq hüquq və milli reallıqlar bir-birinə zidd olmamalıdır

Qızım, sən beynəlxalq insan hüquqları sənədlərinə istinad edirsən. Mən bu sənədlərin əhəmiyyətini inkar etmirəm. İnsan hüquqlarının qorunması, vicdan və din azadlığı, ayrı-seçkiliyin yolverilməzliyi müasir hüquqi cəmiyyətin əsas prinsiplərindəndir.

Amma hüquqşünas kimi sən də bilirsən ki, hər hansı hüququn mövcudluğu konkret mübahisənin bütün tərəflərini avtomatik həll etmir. Hüquqların tətbiqi, qanuni məhdudiyyətlərin mümkünlüyü, uşaqların üstün mənafeyi, təhsil mühiti və dövlətin öhdəlikləri hüquqi çərçivədə birlikdə qiymətləndirilməlidir.

Mənim fikrimcə, insan hüquqlarını müdafiə etmək də, dünyəvi təhsili qorumaq da bir-birini istisna etməməlidir.

Azərbaycan dünyəvi dövlət kimi dünyəvi təhsil sistemini qoruyub saxlamalıdır. Məktəblərdə dini təbliğatın təhsil prosesinə təsiri məsələsinə diqqətlə yanaşılmalıdır. Eyni zamanda dini mənsubiyyətinə görə uşaqların təhsildən kənarda qalmasına, alçaldılmasına və ya ayrı-seçkiliyə məruz qalmasına da yol verilməməlidir.

Dövlət insanların dini inanclarına görə təqib edilməsinə yol verməməlidir. Eyni zamanda qanunsuz fəaliyyət, zorakılıq, məcburetmə və başqalarının təhlükəsizliyinə real təhdid yaradan əməllər hüquqi qiymətini almalıdır.

Burada əsas meyar insanın hansı dinə inanması deyil, konkret davranışın qanuna və başqalarının hüquqlarına uyğun olub-olmamasıdır.

Mən Azərbaycan dövlətinin müstəqilliyini və dünyəvi quruluşunu qorumasını vacib sayıram. Bu mövqeyimin arxasında dinə qarşı düşmənçilik deyil, ölkəmizin gələcəyi ilə bağlı narahatlıq dayanır.

Mən Qərbi inkar etmirəm, amma Azərbaycanın da öz təcrübəsi var

Bəzən müzakirələr zamanı elə təsəvvür yaranır ki, insan hüquqlarından danışan tərəf mütləq haqlıdır, təhlükəsizlik və milli reallıqlardan danışan tərəf isə azadlıqlara qarşı çıxır.

Mən bu cür yanaşmanı doğru hesab etmirəm.

İnsan hüquqları ilə dövlət təhlükəsizliyi arasında düzgün tarazlıq qurulmalıdır. Dövlətin təhlükəsizliyi bəhanəsi ilə insanların hüquqları tapdalanmamalıdır. Eyni zamanda hüquqların müdafiəsi adı altında uşaqların məcburetmədən qorunması, təhsilin dünyəvi xarakteri və qanunun aliliyi də diqqətdən kənarda qalmamalıdır.

Mən Qərbdən öyrənməli çox şeyimizin olduğunu düşünürəm. Hüququn aliliyi, azad düşüncə, qadınların cəmiyyətdə bərabər iştirakı və insan ləyaqətinə hörmət bizim də qoruyub inkişaf etdirməli olduğumuz dəyərlərdir.

Amma hər bir cəmiyyətin tarixi və siyasi şəraiti fərqlidir. Başqa ölkələrin təcrübəsini öyrənərkən Azərbaycanın öz reallıqlarını da nəzərə almalıyıq.

Mənim narahatlığım Azərbaycanın dini fanatizmin, məzhəb qarşıdurmalarının və kənar siyasi təsirlərin meydanına çevrilməsidir. 

İstəyirəm ki, ölkəmizdə insanlar hansı dinə inanmasından və ya heç bir dinə inanmamasından asılı olmayaraq, özlərini azad və təhlükəsiz hiss etsinlər.

İstəyirəm ki, uşaqlarımız azad düşünsünlər, keyfiyyətli təhsil alsınlar, öz hüquqlarını tanısınlar və heç bir ideologiyanın kor-koranə davamçılarına çevrilməsinlər.

Əziz qızım, səndən mənim kimi düşünməyi istəmirəm

Bütün bunları sənə ona görə yazıram ki, mənim mövqeyimin arxasında dayanan səbəbləri də anlayasan.

Mən sənin öz fikrini müdafiə etməyinə həmişə hörmət etmişəm. Sənin məni tənqid etmək haqqını da qəbul edirəm. Hətta fikirlərimiz üst-üstə düşməyəndə belə, səninlə fəxr edirəm.

Çünki mənim üçün övladın yalnız atasının dediklərini təkrarlaması deyil, öz ağlı, vicdanı və düşüncəsi ilə qərar verməsi daha qiymətlidir.

Ancaq mən də bir ata, bir azərbaycanlı və ömrünün böyük hissəsini Vətənindən uzaqda keçirmiş bir insan kimi öz narahatlıqlarımı ifadə etmək haqqına malikəm.

Sən beynəlxalq hüquqa istinad edirsən, mən isə yaşadığım tarixi təcrübəni, Azərbaycanın geosiyasi vəziyyətini və cəmiyyətimizin üzləşə biləcəyi təhlükələri də nəzərə almağa çağırıram.

Bəlkə də həqiqətin müəyyən tərəflərini hər ikimiz fərqli rakurslardan görürük. Əsas məsələ bir-birimizi dinləmək, qarşı tərəfin narahatlığını anlamağa çalışmaq və fikir ayrılığını şəxsi münasibətlərimizə daşımamaqdır.

Mən səndən mənimlə razılaşmağını tələb etmirəm. Sadəcə istəyirəm ki, məni yalnız hüquqi prinsiplərə qarşı çıxan bir ata kimi deyil, Azərbaycanı düşünən, onun müstəqilliyinin və dünyəvi gələcəyinin qorunmasını istəyən bir insan kimi də anlayasan.

Əziz qızım, mənim üçün ən vacib olan budur: uşaqlarımızın azad düşüncəli böyüməsi, qadınlarımızın hüquqlarının qorunması, təhsilin dünyəvi xarakterinin saxlanması və Azərbaycanın müstəqil dövlət kimi gələcəyə inamla addımlaması.

Səninlə fərqli düşünə bilərəm. Sən də mənimlə fərqli düşünə bilərsən. Amma bu fərq heç vaxt aramızdakı sevgidən üstün ola bilməz.

Sən mənim canımsan, göz bəbəyimsən, fəxrim və həyatımın mənasısan.

Mən səni yalnız mənim qızım olduğun üçün deyil, öz düşüncəsi, iradəsi və mövqeyi olan bir insan olduğun üçün də sevirəm.

Qoy bizim aramızdakı bu fikir ayrılığı bir-birimizdən uzaqlaşmağımıza deyil, bir-birimizi daha dərindən anlamağımıza səbəb olsun.

Mənim üçün ən böyük arzu azad düşüncəli, insan hüquqlarına hörmət edən, dünyəvi və bütöv Azərbaycanın gələcəyini görməkdir.

Səni hər şeydən çox sevən atan,

Elman Mustafazade