Ağlı başında olan çarəsiz bir dəliyəm, 

Hara gedirsənsə get, düşüb arxanca gəlləm.

Deyən də yoxdur mənə, ay Allahın dəlisi,

Nələri qurban verdin, ələ tutunca qələm?!

Dərdimi sözə satdım, sözlərimə qul oldum,

Özüm özümə yadam, özgələrə el oldum.

Bir ömür həqiqətə cığır oldum, yol oldum,

Zaman inkar elədi, elə bildi qafiləm.

Bir yanımda ümid var, bir yanımda aldanış,

Verdiyim sualların cavabı çoxu yanlış.

Mən dəli, şeytan dəli, gəl, yaxasından yapış,

Azmışam öz içimdə, öz içimdə səfiləm.

Nə taxt istədim nə də, bu dünyadan bol sərvət,

Axtardım ömrüm boyu bir ovucca həqiqət.

Dünyanı anlamağa yox daha məndə taqət,

Yol almışam dağlara sanki, "qocalmış filəm" 

Həyat özün ağıllı, məni dəli sanmaqda,

Hökmüm verilib artıq, qələmim də sınmaqda.

Vallah, bezmişəm daha, imtahandan, sınaqdan,

Nə olsun ki dünyanın, ağıllı dəlisiyəm?!

31 10 2026

Nuhəmməd İsrafiloğlu

Qocalmış fil - fillər qocalır, ölümlərini hiss edirlər, doğulduqları yerlərə, yəni dağlara yol alırlar...