Qərbi Azərbaycanın tarixi paytaxtı olan İrəvan şəhərində Azərbaycan xalqına məxsus dini və mədəni irsin silinməsi, təhrif edilməsi və özününküləşdirilməsi prosesi bu gün də müxtəlif formalarda davam etdirilir. 

Bu istiqamətdə atılan son addımlardan biri İrəvanın rəmzlərindən sayılan tarixi Göy Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi və orada xatirə lövhəsinin açılması olub. 

Hadisə təkcə tarixi həqiqətlərə hörmətsizlik deyil, həm də bölgədəki mədəni irsə qarşı yönəlmiş növbəti siyasi-ideoloji manipulyasiya kimi qiymətləndirilir.

İrəvanda baş tutan tədbirdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin iştirakı və xatirə lövhəsinin açılışını etməsi məsələyə xüsusi siyasi çalar qatır. Eyni zamanda tədbir çərçivəsində fars şairi Firdovsinin "Şahnamə" əsərinin erməni dilinə tərcüməsinin təqdimatı keçirilib və gələcəkdə həmin zalda Yeqişe Çarentsin büstünün quraşdırılacağı elan olunub.

İranın Ermənistandakı səfirliyi bu addımı şairin ədəbi irsinə, İran mədəniyyətinə marağına və guya keçmiş müharibələr dövründə məscid kompleksinin dağıdılmasının qarşısının alınmasındakı roluna ehtiram kimi izah etməyə çalışıb. Rəsmi Tehran və İrəvan bu məkanı "ortaq mədəniyyət və dostluq rəmzi" kimi təqdim edərək, məscidin əsl tarixini və sahibini kölgədə qoymağa cəhd göstərirlər.

Göy Məscidin memarlıq üslubu, tikilmə tarixi və siyasi-mədəni konteksti onun kimə məxsus olduğunu bütün aydınlığı ilə sübut edir. Məscid XVIII əsrdə — 1760–1766-cı illərdə İrəvan xanlığının hakimi Hüseynəli xan Qacarın dövründə inşa edilib. İrəvan xanlığı Azərbaycan dövlətçilik tarixinin mühüm tərkib hissəsi olub və şəhərin əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edib.

Sovet dövründə və sonrakı onilliklərdə İrəvandakı yüzlərlə Azərbaycan məscidi yerlə-yeksan edildiyi halda, Göy Məscid məhz "fars məscidi" adı altında saxlanılaraq məqsədli şəkildə Azərbaycan izindən təmizlənməyə çalışılıb. İndi isə məscidin daxilində erməni şairinə xatirə zalının yaradılması abidənin tarixi-dini funksiyasını və milli mənsubiyyətini tamamilə dəyişdirmək niyyətindən xəbər verir.

Baş verən hadisə Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanıb. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyanat yayaraq bu addımı tarixi faktların kobud şəkildə təhrifi və bölgədəki sülh səylərinə qarşı yönəlmiş təxribat kimi dəyərləndirib. Bəyanatda vurğulanıb ki, Azərbaycan xalqına məxsus tarixi-dini abidənin öz köklərindən qoparılaraq başqa bir xalqın nümayəndəsinin adı ilə bağlanması yolverilməzdir.

Tarixi abidələr xalqların yaddaşı və kimlik sənədidir. İrəvandakı Göy Məscidin divarlarına hansı lövhənin vurulmasından və ya hansı büstün qoyulmasından asılı olmayaraq, bu abidənin daş yaddaşı onun Azərbaycan xalqına məxsus olduğunu deyir. Tarixi həqiqətləri siyasi konyunkturaya qurban vermək bölgədə davamlı sülhə və etimada deyil, əksinə, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir.

Eldəniz ABBASLI,

Bakı Müstəqil TV-nin redaktoru.