Əziz və dəyərli, həmkarlarım, həmyerlərim, dostlarım. Gözəl insanlar. Qədim Borcalı mahalının, indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun Senebi (Sənəb) kəndində zəhmətkeş bir ailədə anadan olmuş, atam Musayev Calal Əlləz oğlunun 5 noyabr vəfatının 14 ili tamam olur. On dörd il keçməsinə baxmayaraq inanın ki, yoxluğuna alışa bilmirəm. Hər zaman xatirəmdədir. Atamı on dörd ildir ki axtarıram... Elə bil dünən idi... Bu on dörd ildə bir gün də olsun onu unutmadım... Hər sözümdə, söhbətimdə atam oldu...
Bu gün isə düz on dörd ildir ki, atasızlıq ağrısından yanıb qovruluram. Heç nə, heç kim dünyasını dəyişmiş atamın və anamın yerini vermir. Atamdan və anamdan sonra kimsə, könlümü onlar kimi ala bilmədi. Hansı məqamını xatırlayıramsa, elə bilirəm ki, dünən idi. Axı bütün uşaqlar, qızlar, oğulların dediyi kimi, mənim atam da dünyanın ən yaxşı, ən gözəl, ən mehriban atası idi.
O gündən bu günə qədər hər gün atam üçün darıxıram...
Dünyanın ən böyük ağrılarından biri də, sevdiyin adamı son mənzilə uğurlayarkən qucaqlayıb doyunca öpə bilməməkdir... Bunu mənim kimi atasız və anasız olanlar çox gözəl bilir. Xoş günün olur, fikirləşirsən ki, kaş atam və anam da yanımda olaydı. Uğur qazanırsan, deyirsən, sağ olsaydı, bizimlə qürur duyardı. İnsan hər işində valideyninin yanında olmasını istəyir. O hiss bizdə əskikdir. Bu on dörd ildə qazandığım uğurlarda, sevinclərdə ilk axtardığım atam Calal Əlləz oğlu və əziz anam Telli Usub qızı oldu. Həmin dəqiqə fikirləşdim ki, atama və anama bu xəbəri versəydilər, və ya desəydim gör bir nə qədər sevinirdilər... Sevincimi böldüyüm dostlarıma da “Gör bir atam və anam bu xəbərə necə sevinərdi...” deyərəkən, hər dəfə gözlərim dolur...
Mən şəxsən atam Musyaev Calal Əlləz oğlundan çox şey öyrəndim:vətənpərvər olmağı, düz danışmağı, mərdanəliyi, haramdan qorunmağı, kimsənin malına göz dikməməyi, yetim malı yeməməyi, kimsənin yanında gözükölgəli qalmamağı, sərt cavab qaytarmağı, insanlara qarşı, diqqətcil, mehriban ,qayğıkeş və xeyirxah olmağı ...
Bəli bir zamanlar mənim də atam var idi. Və bu gün atama o qədər deyiləsi sözlərim var ki.... Bəlkə də bütün bunları sağlığında ona deməli idim. Ancaq demək istərkən deyə bilmədiklərim də vardı. Deyə bilmədiklərimi isə elə bu gün deyəcəm.
Öncədən deyim ki, onunla bağlı arzularım daha çox idi. İndi bu arzularım ümmansız bir gəmitək sahillərdə çırpınır. Sözlərim yarımcıq, fikirlərim sönük, hərarətsizdir bu gün.
Mən sənin haqqında ‘öldü’ ifadəsini heç zaman qəbul edə bilmədim, canım atam!!! Ona görə də ‘tərk etdi’ ifadəsini deyirəm. "Ölüm" sözü sənə heç yaraşmadı, ata ! Həm də axı sən ölməmisən. Mənim ürəyimdə əziz anamla yaşayırsız. Düz on dörd il öncə... 5 noyabr... hər zaman ürəyimdə yara olacaq o məşum tarix... Həmin gün səhərə yaxın gözlərim önündə canlanır. Əziz atam və anam sizin yoxluğnuz bu günlərdə qəlbimi elə üşüdür ki, bu yoxluğuna belə məni inandıra bilmir. Çünki ölüm adlı bir qədəri sənə heç kim yaraşdırmazdı. Amma fələyi görüm ki, felindən qalsın. Qalsın ki, bu adı sənə və anama çox tez yaraşdırdı. O qədər xatirələr qoymusan ki, canım atam... Onları belə kiçik həcmli yazıya sığışdırmaq mümkünsüzdür. Sadəcə sənə və anama, sənin və anamın ruhuna üzr borcum var. "Ata! Sənə bir şey olsa ölərəm" deyirdim. Amma mən sənsiz ölmədim, yaşayıram. Bağışla məni, ata ! Çox darıxıram sənsiz, ata! Ata və anasızlıq çox çətindi. Sənin və anamın səsini eşitməmək, səni görməmək, iyini hiss etməmək, darıxdığında yalnız şəkillərə baxaraq keçmiş günləri xatırlayıb, səni bu cür yaşamaq çox çətin imiş, ata! Getməyinlə, hər şeyi dəyişdin. Evimiz sizdən və anamdan sonra çox dəyişdi, həyatımız dəyişdi. Amma... Amma bir şey dəyişmədi. Sənə olan SEVGIMIZ. Sənin və anamın yoxluğuna alışa bilmədik ki, sevgimiz də dəyişsin. Həyatının sevincini itirmək atasız və anasız qalmaq nə qədər acıymış ay ata! Bu acını yaşadım sənin və anamın yoxluğunla. Həyatda ən qorxduğum şey, səni və əziz anamı itirmək idi. İlk səni itirdim, sonra anamı . Sənin və əziz anam Tellinin yoxluğuna görə o qədər təsəllilər, oxşar hekayələr eşidirəm ki, saysız-hesabsız. Amma heç bir təsəlli, heç bir söz ovundurmadı məni. Sənin və anamın yoxluğunu heç cür qəbul edə bilmədim. Səndən sonra, anamı, dayımı, xalamı dostlarımı və ən yaxın iş yoldaşlarmı itirdim ata. Bu qədər ağrıya, bu qədər acıya ürək dözər? Yox ata dözməz...
Bu gün sən yoxsan... Gerçəklikdən başqa bu fani dünyada hər bir şey demək ki, yalandır. Artıq səninlə və anamla addımlamağa başladığım bu həyat yolunu sizsiz addımlamaq məcburiyyətindəyəm. Yoxsan, artıq düşüncələrimi, hərəkətlərimi, etdiyim səhvlərimi sənə deyil kənarından dayanıb ancaq baxa biləcəyim məzarına danışıram...
Allah sənə və anama rəhmət eləsin ata!
Səni və əziz anamı dərin hüznlə, böyük sevgi ilə anırıq!
Ruhun şad olsun!
Və sonda bütün dostlara səslənirəm. Valideynlərinizi qoruyun! Onlar əvəz olunmaz varlıqdırlar. Daha sonra çox gec olur
Salman Calal oğlu Musayev


