Yazıq Vətən, zavallı Gəncə!

Elman Mustafazade | Niderland

Gəncə təkcə qədim tarixə malik şəhər deyil. O, Azərbaycan türklərinin kübarlıq və əfəndilik ənənələrinin formalaşmasında mühüm rol oynamış, milli-mədəni dəyərlərimizin yaşadıldığı böyük bir məktəbdir. Tiflis, Qazax, Gəncə, Şuşa, Bərdə, Beyləqan, İrəvan, Şəki, Quba, Salyan, Şamaxı, Lənkəran, Dərbənd, Təbriz, Urmu, Ərdəbil, Zəncan, Qəzvin, Sərab, Həmədan, Xoy, Meşkin, Sayınqala, Soyuqbulaq və Mərənd kimi şəhərlər xalqımızın ictimai-mədəni həyatında özünəməxsus iz qoyublar. Bu şəhərlərin hər biri tariximizin, mənəviyyatımızın və şəhər mədəniyyətimizin formalaşmasına töhfə verib.

Lakin bu siyahıda Gəncənin yeri xüsusidir.

Gəncə Azərbaycan türklərinin yalnız mədəniyyət mərkəzlərindən biri deyil, həm də Azərbaycan, Qafqaz və Yaxın Şərq mədəniyyətinin beşiklərindən biridir. Onun tarixi, memarlığı, ədəbi mühiti, adət-ənənələri və insanlarının xarakteri bütöv bir mədəniyyət məktəbi yaradıb.

Bir millət o zaman həqiqi inkişaf yoluna qədəm qoyur ki, müasirliyə can atmaqla yanaşı, tarixi köklərini də qorumağı bacarsın. Şəhər mədəniyyəti yalnız binalardan, küçələrdən, parklardan ibarət deyil. O, insanların davranışında, düşüncəsində, təmizliyə münasibətində, ictimai məsuliyyətində və doğma yurda sevgisində yaşayır.

Gəncənin ruhu da məhz bu dəyərlərdən yoğrulub.

Bəlkə də, bu şəhərin sehrini Qoşqarın və Kəpəzin havasında, suyunda, təbiətin insana bəxş etdiyi o misilsiz ahəngdə axtarmaq lazımdır. Bu torpağın ruhu ilə böyüyən insanlar Gəncənin yaddaşını, onun kübarlığını və özünəməxsus həyat tərzini ömürləri boyu özləri ilə daşıyırlar.

Bəs bu gün həmin Gəncədən nə qalıb?

Bu sualı vermək mənim üçün asan deyil. Çünki Gəncədən danışanda təkcə bir şəhərdən deyil, xalqımızın yaddaşından, mədəniyyətindən, keçmişindən və gələcəyindən danışıram.

Əvvəla, bu gün şəhərin köklü gəncəlilərini, onun tarixi-mədəni ruhunu yaşadan insanları tapmaq getdikcə çətinləşir. Vaxtilə təmizliyi, səliqə-sahmanı ilə seçilən, hətta vasvasılığı ilə tanınan Gəncənin, xüsusilə şəhərətrafı ərazilərinin zibil içində qalması adamı dərindən məyus edir.

Gəncənin adına, tarixinə və mədəni nüfuzuna yaraşmayan bu mənzərəni görəndə istər-istəməz düşünürsən: şəhərin gözəlliyini qorumaq kimin məsuliyyətidir? Bələdiyyəninmi, yerli icra orqanlarınınmı, yoxsa hər bir sakinin?

Əlbəttə, məsuliyyət hamınındır. Amma şəhəri idarə etmək, onun təmizliyinə, abadlığına və ekoloji vəziyyətinə nəzarət etmək üçün vəzifə daşıyanların məsuliyyəti daha böyükdür. Çünki vəzifə yalnız kabinetdə oturmaq, hesabat vermək və görülən işləri sadalamaq deyil. Vəzifə həm də nəticəyə görə cavabdehlik daşımaqdır.

Deyəsən, məşhur Hacıkəndin indiki vəziyyətinə baxıb ağlamaq üçün yeddi bacı lazımdır, hərəsinin əlində də iki dəsmal! Bir vaxtlar təbiətinin gözəlliyi ilə insanları özünə cəlb edən Hacıkəndin zibilxananı xatırladan mənzərəsi adamın ürəyini ağrıdır.

Hacıkənd belə olmalı idimi?

Bəs qonşu Göygöl rayonunun vəziyyətinə nə deyəsən? Təbiətin insanlara bəxş etdiyi bu gözəlliklər diyarında ətraf mühitin zibillənməsi, çayların plastik tullantılarla çirklənməsi hansı məntiqlə izah oluna bilər? Gözəl çaylarda balıqların əvəzinə plastik butulkaların üzməsi təkcə ekoloji problem deyil, həm də cəmiyyətimizin məsuliyyət hissinə vurulan ağır zərbədir.

Təbiət bizə ata-babalarımızdan miras qalmayıb ki, istədiyimizi edib sonra da başımızı çevirək. O, gələcək nəsillərdən bizə əmanətdir.

Bu gün Göygölün çaylarını, Hacıkəndin meşələrini, Gəncənin küçələrini qoruya bilmiriksə, sabah övladlarımıza hansı Vətəni təhvil verəcəyik?

Şəhərin təmizliyi yalnız süpürgəçilərin işi deyil. Ekoloji mədəniyyət ailədən, məktəbdən, ictimai mühitdən başlayır. Lakin insanları bu mədəniyyətə alışdırmaq, qaydalara əməl olunmasını təmin etmək və təbiəti qorumaq üçün sistemli iş aparmaq lazımdır. Cərimələr, maarifləndirmə, tullantıların düzgün idarə olunması və məsul qurumların nəzarəti bir-birini tamamlamalıdır.

Təəssüf ki, gözəl sözlər və təmtəraqlı hesabatlar çayları təmizləmir, küçələri zibildən xilas etmir, təbiəti qorumaq məsuliyyətini heç kimin çiyinlərindən götürmür.

Gəncəni sevmək onun keçmişi ilə öyünməkdən daha böyük məsuliyyətdir.

Gəncənin tarixi ilə fəxr etmək gözəldir. Nizami Gəncəvinin adı ilə qürurlanmaq, bu şəhərin yetişdirdiyi böyük şəxsiyyətləri xatırlamaq hər birimizin haqqıdır. Amma tarixi şəxsiyyətlərin adını çəkməklə onların təmsil etdiyi mədəniyyətə sahib çıxmış olmuruq. Əsl hörmət həmin mədəniyyətin dəyərlərini gündəlik həyatımızda yaşatmaqdır.

Şəhərin küçəsi zibillidirsə, çayı çirkləndirilirsə, təbiətə biganə yanaşılırsa, tarixlə öyünmək nə qədər səmimi görünə bilər?

Bu gün Gəncənin də, Göygölün də ehtiyacı yeni təriflərə deyil, məsuliyyətli idarəçiliyə, vicdanlı münasibətə və əməli işədir. Bu torpağın qədrini bilən, onun tarixinə hörmət edən, təbiətini qoruyan, gördüyü işin nəticəsinə görə cavabdehlik daşıyan insanlara ehtiyacımız var.

İnsanın öz doğma şəhərinə münasibəti onun mənəvi səviyyəsinin göstəricisidir. Şəhərini sevən insan onu zibilləməz, çayını çirkləndirməz, tarixi irsinə laqeyd qalmaz. Eyni zamanda, şəhəri idarə edənlər də bilməlidirlər ki, onlara həvalə edilən vəzifə imtiyaz deyil, məsuliyyətdir.

Bəzən düşünürəm ki, Gəncəni və Göygölü qorumaq üçün məsuliyyətli kadrları xüsusi müqavilələrlə Almaniyadan gətirməkmi lazımdır?

Əlbəttə, bu, istehzalı sualdır. Məqsəd xariciləri yerli insanlardan üstün tutmaq deyil. Məqsəd öz ölkəmizdə, öz doğma şəhərlərimizdə işini bilən, məsuliyyət daşıyan və nəticə göstərən insanların olmasını istəməkdir. Almaniyadan kadr gətirməyə ehtiyac qalmamalıdır; biz özümüz şəhər mədəniyyətini, təmizliyi və ictimai məsuliyyəti həyat normamıza çevirməliyik.

Mən Gəncədən möcüzə gözləmirəm. Sadəcə, onun tarixinə, adına və təbiətinə layiq münasibət görmək istəyirəm. İstəyirəm ki, Gəncə keçmişi ilə öyündüyü qədər bu günü ilə də fəxr edə bilsin. İstəyirəm ki, Göygölün gözəlliyi şəkillərdə və xatirələrdə deyil, real həyatda qorunsun.

Bəlkə də, mənim gözləntilərim çoxdur. Amma doğma yurddan gözləntinin çox olması onun sevgisindən irəli gəlir.

İllərlə Vətəndən uzaqda yaşasam da, bu torpağın dərdi məndən uzaq düşməyib. Niderlandda yaşayıram, amma Azərbaycanı düşünəndə ürəyim yenə doğma şəhərlərimizin küçələrində, dağlarımızın qoynunda, çaylarımızın sahilində dolaşır. Gördüyüm gözəlliklər məni sevindirir, gördüyüm laqeydlik isə incidərək düşündürür.

Xəyallarım Gəncədə qaldı…

İnsan bəzən bir şəhərdən ayrılarkən özü ilə yalnız xatirələr aparmır. Ürəyində cavabsız suallar, yarımçıq qalan arzular və dəyişəcəyinə ümid etdiyi mənzərələr də aparır.

Mən Gəncədən də, Göygöldən də məhz belə ayrıldım. Bir tərəfdə xalqımızın zəngin tarixi, mədəniyyəti və təbiətin möcüzələri, digər tərəfdə isə biganəliyin acı mənzərəsi…

İndi öz-özümə sual verirəm: görəsən, bir gün yenidən qayıdanda Gəncəni arzuladığım kimi görə biləcəyəmmi? Göygölün çaylarında plastik butulkalar deyil, təbiətin öz ahəngi ilə axan təmiz sular gözümə dəyəcəkmi?

Mən bu şəhərlərin keçmişinə deyil, gələcəyinə nigaranam. Çünki tarixi qorumaq yalnız keçmişi xatırlamaq deyil, gələcək nəsillərə yaşamağa dəyər bir məkan qoyub getməkdir.

Yazıq Vətən… Zavallı Gəncə…

Səndən nigaran ayrıldım…

Elman Mustafazade

Niderland