Xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər nəzərdə tutulur.

Bu əməli törədən şəxs Cinayət Məcəlləsinin (CM) 221-ci maddəsinin tələblərinə əsasən  cəzalandırlır:

CM.221.1.Xuliqanlıq yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik  ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması ilə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət  edilən qərəzli hərəkətlər törədildikdə min manatadək miqdarında cərimə və ya bir  ilədək islah işləri müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlığdan mərhum etmə cəzası ilə cəzalandırılır.

CM.221.2. Eyni əməllər:

CM.221.2.1 bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə;

CM.221.2.2.İctimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan icra hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üc ilədək azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır.

CM.221.3.Xuliqanlıq silahdan  və ya silah qismində istifadə edilən əşyaları tədqiq etməklə törədildikdə -iki ildən  beş ilədək azadlıqdan mərhum etmə cəzası ilə  cəzalandırılır.

Qeyd edilən anlayışdan da göründüyü kimi xuliqanlıq bir neçə hərəkətin edilməsi ilə müşahidə oluna bilər.

Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması başa düşülür.

Buna misal olaraq, ictimai tədbirlərin keçirildiyi yerdə və ya gecə vaxtı insanların dincliyini pozan hərəkətlərin edilməsini göstərmək olar.

Lakin, bir məsələni nəzərə almaq lazımdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər özü-özlüyündə xuliqanlıq cinayətinin tərkibini yaratmır, bu cür hərəkətlər yalnız başqa şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması hədəsi ilə, yaxud başqa şəxsin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunduqda xuliqanlıq cinayətinin tərkibini yaradır.

Əgər ictimai qaydanı kobud surətdə pozan hərəkətlər başqa şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq olunması hədəsi ilə, yaxud başqa şəxsin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmursa, bu halda əməl xuliqanlıq cinayəti kimi yox, inzibati xəta kimi (xırda xuliqanlıq) kimi tövsif olunmalıdır.

Diqqət edilməli olan digər məqam ondan ibarətdir ki, xuliqanlıq cinayətinin şərhi baxımından başqa şəxslər üzərində zor tətbiq olunması dedikdə, şəxsin sağlamlığına yüngül zərər vurulması nəzərdə tutulur. Yəni, ictimai qaydanı pozan şəxs başqa şəxsin sağlamlığına yüngül zərər vurduqda onun əməli ancaq xuliqanlıq kimi qiymətləndirilir. Lakin, ictimai qaydanı pozan şəxs başqa şəxsin sağlamlığına qəsdən az ağır və ağır zərər vurduqda, bu halda təqsirkar şəxsin əməli həm xuliqanlıq, həm də başqa şəxsin sağlamlığına qəsdən az ağır və ya ağır zərər vurma kimi qiymətləndiriləcək.

Həmçinin, nəzərə almaq lazımdır ki, təqsirkar şəxsin başqa  şəxslər üzərində zor tətbiq etməklə və ya özgənin əmlakını məhv edilməklə, yaxud zədələməklə ictimai qaydanı pozduğunu dərk etməsi yalnız o halda xuliqanlıq cinayəti kimi qiymətləndirilə bilər ki, bu əməl şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Yəni, bir şəxsin şəxsi ədavət zəminində küçədə digər şəxsi döyməsi xuliqanlıq kimi qiymətləndirilə bilməz.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev