Əxlaqdan danışıb Xomeyninin imam və ağaları sayanlar, Xomeyninin risaləsini də oxuyun!
Azərbaycanda məktəblilərin hicabı ətrafında gedən mübahisə təkcə geyim məsələsi deyil. Bu hadisə dinin, dövlətin, milli kimliyin və uşaqların azad düşüncəsinin münasibəti haqqında ciddi suallar doğurur.
Bu mübarizədə Xomeyni ideologiyasının tərəfdarlarının hansı rol oynadığını araşdırmaq lazımdır. Hicabın dini inancdan siyasi tələbə, siyasi tələbdən isə ideoloji mübarizə vasitəsinə çevrilməsi diqqətdən kənarda qalmamalıdır.
Bəs Xomeyninin öz dini risalələrindəki hökmlər necə?
Xomeyninin «Təhrir əl-Vəsilə» əsərinin ikinci cildində, 241-ci səhifədə, nikah bölməsinin 12-ci məsələsində doqquz yaşına çatmamış arvadla cinsi əlaqə qadağan edilir, lakin digər cinsi davranışlara, o cümlədən körpə yaşında olan uşaqla bağlı bəzi hərəkətlərə icazə verən müddəalar yer alır. Bu mətn uşaqların cinsi toxunulmazlığı və insan ləyaqəti baxımından son dərəcə ciddi etik suallar doğurur.
İndi sual verirəm:
Uşaqların hicabını əxlaqın əsas şərti kimi təqdim edənlər, Xomeyninin risaləsindəki bu hökmlərə hansı mənəvi qiyməti verirlər?
Niyə uşağın başındakı örtük bu qədər müzakirə olunur, amma onun bədəninin, hüquqlarının və toxunulmazlığının qorunması məsələsi eyni qətiyyətlə gündəmə gətirilmir?
Niyə dini ehkamlar insanın ləyaqətindən üstün tutulmalıdır?
Məktəb uşağın azad düşüncəsinin, elmin və dünyagörüşünün formalaşdığı məkandır. Uşaqları dini-siyasi mübarizənin vasitəsinə çevirmək olmaz. Hər bir uşağın hüquqları və təhlükəsizliyi bütün ideoloji maraqlardan üstün tutulmalıdır.
Mənim üçün əxlaqın ölçüsü dini rəhbərin nüfuzu deyil, insanın ləyaqətidir.
Heç bir dini hökm uşağın toxunulmazlığından, heç bir ideologiya insanın azad düşüncəsindən üstün deyil!
Əxlaqdan danışmaq asandır. Əsl sınaq isə müdafiəsiz insanın hüquqlarını qorumaqdır.
İnsan ehkamın vasitəsinə çevriləndə mənəviyyat zəifləyir; insan ləyaqəti ali ölçüyə çevriləndə isə əsl əxlaq başlayır.
Düzgün Atalı
