Kini ilə, nifrəti ilə Çaldıran döyüşünü xatırladır. Başı çıxan da, çıxmayan da elə bil biri-birini kopipast edib paylaşır. Məsələni şişirdən, ölkəmiz əleyhinə yazan səhifələrə baxıram, hamısı yeni açılıb, dostluqlarında dörd-beş adam var.
Çaldıran savaşını nahaq xatırlatmadım. Tariximiz ərzində həmişə bir yerdə olub, bir mövqedən çıxış edib, biri digərimizə dəstək olmağımızı elə bil qəsdən unutdurub, məhz o savaşı tariximizdə tək təmasımız kimi təqdim edənlərin izi görünür. Türkiyənin nüfuzlu insanları, aydınları, sözün hər mənasında böyükləri, ağıl hocaları Hulusi Kılıç, Yücel Karauz, Abdullah Ağar və onlar kimi sağlam təfəkkürlü fədakarları Azərbaycana qarşı böhtan kampaniyasının lap əvvəlindən səslərini ucaldıb, bir millət-iki dövlət olan Türkiyə -Azərbaycan qardaşlığına zidd olan çağırışların, fikir və iddiaların əsassızlığını təsdiq etdilər. Təəssüf ki kiçik, məhəlli maraqları təmsil edən bəzi partiya rəhbərləri məzhəb mənafeyini dövlət maraqlarından üstün tutub düşmən dəyirmanına su tökməkdə davam edirlər.
BMT-də İsrail Baş naziri çıxış edərkən üçüncü katib səviyyəsində bir Azərbaycan nümayəndəsinin zalda oturmasını diplomatik qalmaqala çevirmək siyasi ustalıq deyil, əksinə burnunun ucundan uzağı görməməkdir. Bir tərəfimiz - yəni hər hansı dostumuz, tərəfdaşımızın yaxşı münasibətdə olduğumuz digər dövlətlə aralarında gərginlik yaşananda məsələni sülh yolu ilə həll etmək üçün ən yaxşı üsuldur. Məsələn 2015-ci ilin noyabrında Türkiyə-Suriya sərhəddində Rusiyaya məxsus qırıcı təyyarə Türkiyə qırıcıları tərəfindən lüzumsuz yerə, heç bir təhlükə törətmədiyi halda vurulmasından sonra iki dövlət arasında dərin böhran yaşandı. Təkcə rus turistlərin bu ölkəyə səfərlərinin və türk meyvə-tərəvəz ixracatçılarının məhsullarına idxalın dayandırılmasından Türkiyə iqtisadiyyatı az qala böhran vəziyyətinə düşəcəkdi. Həmin vaxt Rusiya dövlət başçısı ilə isti münasibətləri olan Azərbaycan Prezidenti və Qazaxıstan liderinin vasitəçiliyi, danışıqlar yolu ilə böhran aradan qaldırıldı. Rusiya -Ukrayna müharibəsini bu coğrafiyada da görmək istəyənlərin arzusu gözlərində qaldı. Türkiyə qarşısında yeni cəbhə açılmadı, insanlar ölmədi, şəhərlər dağılmadı. Lap elə bu yaxınlarda İsrailə qarşı yerli-yersiz fars zehniyyətinə uyğun çağırışlar fonunda bu ölkənin qondarma "erməni soyqırımı"nın tanınması təhlükəsi Azərbaycan diplomatiyasının səyləri ilə aradan qaldırıldı.
Müstəqilliyimizin ilk illərində İsraillə normal münasibətlərin qurulması nəticəsində dünyada çox yaxşı təşkilatlanmış erməni diasporunun xalqımızı təcrid vəziyyətinə, informasiya blokadasına saldığı bir vəziyyətdə buna qarşı Yəhudi Diasporunun səyləri ilə diplomatik cəbhədə uğurlarımız bəhrə verdi.
Bu gün Türkyə media platformalarında Azərbaycan əleyhinə, dövlət başçımız əleyhinə danışılanları türk zehniyyətinin bəhrəsi olduğunu düşünmək yanlışdır. Bu islamçı yox, məzhəbçi ərəb şüurunun bəhrəsidir. Hesab edirəm ki, təhqiramiz ifadələr işlədənlər, münasibətləri gərginləşdirməyə çalışanlar masada olan Turan ideyasının gerçəkləşməsinə qarşı olanlar, Türkiyəni Orta Asiya ilə birləşdirəcək yeganə quru yol- Zəngəzur dəhlizinin açılmasını istəməyənlərin əməlləridir. Bu günün cılız təəssübkeşliyini gələcəyin uğurlarına qurban vermək olmaz.
Daxili Qoşunların Baş İdarəsinin Əsgər qəzetinin müxbiri , Daxili İşlər Nazirliyinin isə mətbuat xidmətinin şöbə rəisi olmuş polis polkovniki İlham Babayev
