Dünya sözlə başlayır, sözlə yaşayır, sözlə yaddaşlara köçür. İnsan bəzən deyə bilmədiyini bir misraya sığdırır, gizlətdiyi ağrısını bir şeirin misralarında dilə gətirir, ürəyinin dərinliyində gizlənən duyğularını sözə çevirərək başqalarının qəlbinə yol tapır. Bu söz dünyasının ən həssas, ən duyğulu, eyni zamanda ən məsuliyyətli yolçuları isə şairlərdir.Şair olmaq yalnız gözəl sözlər düzmək, qafiyələr yaratmaq, misraları bir-birinə calamaq deyil. Şair olmaq insanlığın ağrılarını duymaq, cəmiyyətin yaralarına toxunmaq, başqalarının görə bilmədiyini görmək, eşidə bilmədiyini eşitməkdir. Şair adi insanın yanından səssizcə keçdiyi bir ahı eşidər, kimsənin fikir vermədiyi bir göz yaşında bütöv bir taleyi oxuyar. Onun üçün bir ananın kədəri də, bir uşağın ümidsiz baxışları da, haqsızlığa uğramış bir insanın susqunluğu da şeirə çevrilə biləcək böyük bir həqiqətdir.
Şairin qəlbi adi ürək deyil. O ürəkdə sevgi də var, nisgil də, ümid də, üsyan da. Bəzən bir insanın çəkdiyi əzab minlərlə insanın dərdinə çevrilir onun qəlbində. Bəzən bir misra illərlə susdurulmuş həqiqətin səsinə dönür. Elə buna görə də şairin sözü yalnız özünə məxsus deyil; o söz xalqın, zamanın, insanlığın sözüdür.
Şairin qələmi onun vicdanıdır.
Haqsızlıq qarşısında susmaq şairin ruhuna yaddır. O, zalımın qarşısında əyilməyən, yalanın üzünə həqiqəti söyləyən, nadanlığın qaranlığına işıq tutan bir söz əsgəridir. Onun silahı qılınc deyil, qələmdir; döyüş meydanı isə insanların düşüncələri, vicdanları və mənəvi dünyalarıdır. Bəzən bir kəlmə min qılıncdan kəsərli, bir misra min nitqdən təsirli olur. Çünki həqiqətdən doğulan söz insanın ruhuna toxunur, onu düşünməyə, dəyişməyə, haqqın tərəfini tutmağa çağırır.
Şairin qələmi bəzən neştər kimi cəmiyyətin yaralarını açır ki, ağrının səbəbi görünsün, xəstəlik gizli qalmasın. O, insanların üzünə xoş gəlmək üçün həqiqəti dəyişməz, alqış qazanmaq naminə vicdanını susdurmaz. Həqiqi şairin ən böyük sərvəti nə şöhrətdir, nə də məqam. Onun ən böyük sərvəti təmiz adı, azad sözü və vicdan qarşısında başıuca yaşamasıdır. Amma hər kəs şairin bu mübarizəsini anlaya bilirmi? Təəssüf ki, yox! Bəzən şairin sözünü yanlış anlayır, səmimiyyətini zəiflik hesab edir, həssaslığını kövrəklik adlandırırlar. Onun bir misraya necə ürək qoyduğunu, bir şeiri yazmaq üçün neçə gecəni yuxusuz keçirdiyini, bir həqiqəti dilə gətirmək üçün daxilində hansı fırtınalarla çarpışdığını görmürlər.
Axı şair də insandır! Onun da yorulan çiyinləri, sınan ümidləri, gizlətdiyi göz yaşları, heç kimə açmadığı dərdləri var. O da bəzən bir xoş sözə, səmimi münasibətə, anlayışlı bir baxışa möhtac qalır. Başqalarının yarasına məlhəm axtaran şairin öz yarasını soruşan neçə insan olur? Hamının dərdini dinləyən, hər kəsə təsəlli verən şairin bir gün özü susanda onun sükutunu duyan varmı?
Şairin ən böyük tənhalığı bəzən izdihamın içində başlayır. Ətrafında insanlar olur, amma ürəyindəki ağrını anlayan tapılmır. Gülür, danışır, insanlara ümid verir, lakin gecə pəncərəsinin önündə tək qalanda düşüncələri ilə baş-başa qalır. Vərəq qarşısında oturub qələmini əlinə alanda isə içində yığılıb qalan sözlər bir-bir dil açır. O sözlər bəzən sevgi olur, bəzən fəryad, bəzən etiraz, bəzən də bir insanın qəlbinə toxunacaq səssiz bir dua...
Şairin yazılmamış şeirləri də var. Onlar onun ürəyində illərlə yaşayır, hər gün bir az da ağırlaşır. Bəzən bir misra doğulmaq üçün uzun zaman gözləyir. Çünki şeir yalnız sözlərin bir araya gəlməsi deyil; o, duyğunun yetişməsi, ağrının sözə çevrilməsi, düşüncənin insan qəlbində özünə yer tapmasıdır. Şair yazdıqca yüngülləşmir həmişə. Elə misralar var ki, yazıldıqca insanın içindəki ağrını daha da dərinləşdirir. Çünki bəzi həqiqətləri kağıza köçürmək onları unutmaq deyil, bir daha yaşamaq deməkdir.Şairin öz şəxsi dərdi olsa da, o, çox vaxt xalqın dərdini öz dərdindən üstün tutur. Bir ananın şəhid oğluna həsrəti onun ürəyində bir ağıya çevrilir. Vətən torpağının azadlığı uğrunda canından keçən igidlərin qəhrəmanlığı qələmində dastanlaşır. Haqqı tapdanan insanın fəryadı onun misralarında ucalır. O, bəzən öz taleyini unudaraq başqalarının taleyini yazır. Çünki bilir ki, insanın ömrü bir gün sona çatsa da, onun yaratdığı mənəvi dəyərlər gələcək nəsillərə yol göstərə bilər.
Əsl şair xalqın yaddaşını qoruyan, zamanın həqiqətlərini gələcəyə daşıyan mənəvi keşikçidir. O, bu günün hadisələrini sabahın tarixçisinə çevirir. Bir dövrün ağrısını, bir xalqın sevincini, bir millətin mübarizəsini sözün qüdrəti ilə yaşadır. Bəzən tarix kitablarının quru sətirlərində görünməyən insan taleləri şairin bir şeirində bütün canlılığı ilə canlanır. Bir misra bir ananın göz yaşını, bir xalqın qürurunu, bir Vətənin taleyini yaşada bilir.
Şairlər sevgini, mərhəməti, sədaqəti, insan ləyaqətini tərənnüm etməklə yanaşı, cəmiyyətdəki mənəvi aşınmaya da biganə qalmırlar. Yalanın həqiqətdən üstün tutulduğu, səmimiyyətin unudulduğu, insanın insana laqeyd yanaşdığı məqamlarda onların sözü bir xəbərdarlıq səsinə çevrilir. Onlar insanları düşünməyə, özlərinə sual verməyə, vicdanlarının səsini dinləməyə çağırırlar.
Şairin sözünə dəyər vermək yalnız onun şeirini oxumaqla bitmir. Onun fikrinə hörmət etmək, zəhmətini qiymətləndirmək, haqqını tanımaq, mənəvi dünyasına ehtiram göstərmək də lazımdır. Şairin qədrini yalnız ölümündən sonra bilmək, sağlığında isə onu görməməzliyə vurmaq mənəvi ədalətsizlikdir. Axı insanın yaratdığı sözün qiyməti onun özü həyatda ikən də bilinməlidir. Bir xoş söz, bir təşəkkür, bir səmimi münasibət bəzən şairin qəlbində yeni bir ümid çırağı yandırar.
Unutmayaq ki, şairlər də bu dünyanın insanlarıdır. Onların da qayğıya, anlayışa, ehtirama ehtiyacı var. Onları yalnız tədbirlərdə xatırlamaq, şeirlərini yalnız xüsusi günlərdə səsləndirmək kifayət deyil. Əsas məsələ onların sözündəki həqiqəti anlamaq, qaldırdıqları problemlərə diqqət yetirmək, insanlığa çağırışlarını eşitməkdir.
Xalqın şairi olmaq böyük şərəf olduğu qədər ağır məsuliyyətdir. Bu məsuliyyət hər kəsin yükünü daşımaq, hər kəsin xoşuna gəlmək deyil. Bu, lazım gələndə tək qalmağı bacarmaq, həqiqətin yanında dayanmaq, mənəvi dəyərləri qorumaq və sözün müqəddəsliyinə sadiq qalmaqdır.Gecələr hamı yuxuya gedəndə, şəhərlərin işıqları bir-bir sönəndə, pəncərələrin arxasında həyat sakitliyə qərq olanda bəzən bir şairin otağında işıq yanır. O işığın altında bir qələm hərəkət edir, ağ vərəqə ürəyin sözləri köçürülür. Bəlkə də həmin anda bir ananın həsrəti, bir Vətənin taleyi, bir insanın fəryadı, bir xalqın ümidi misralara çevrilir. Səhər açılarkən insanlar o şeiri oxuyacaq, öz hisslərini orada tapacaq, bəlkə də uzun müddət deyə bilmədiklərini şairin sözlərində eşidəcəklər.
Şairin fədakarlığı da elə bundadır: o, öz daxilində yaşadığı duyğuları başqalarının qəlbinə işıq etmək üçün sözə çevirir.
Nə qədər ki, dünyada haqsızlıq var, şairin sözünə ehtiyac olacaq. Nə qədər ki, insanların qəlbində sevgi, həsrət, ümid və mübarizə yaşayır, şeir də yaşayacaq. Çünki şeir insan ruhunun səsidir, şair isə həmin səsi zamanın içindən gələcəyə daşıyan yolçudur.Şairlərə hörmət sözə hörmətdir, sözə hörmət isə insanlığa hörmətdir.Gəlin, söz adamlarının qədrini sağlığında bilək. Onların zərif ruhunu qoruyaq, səmimi duyğularını kiçiltməyək, həqiqət naminə söylədikləri fikirləri eşitməyə çalışaq. Çünki bir şairin qəlbində yanan işıq yalnız onun öz yolunu aydınlatmır; bəzən bütöv bir cəmiyyətin qaranlığına nur saçır.
Şairlər yaşadıqca söz yaşayacaq, söz yaşadıqca həqiqət unudulmayacaq. Həqiqət unudulmadıqca isə insanlığın ümid çırağı heç vaxt sönməyəcək
Müəllif Bayram Aşıqlı şair-publisist
"ÖMÜRDƏN SƏHİFƏLƏR" Kitabımdan.
