Boşanma prosesi haqqında ətraflı məlumat

Ər-arvad münasibətlərinin hüquqi tənzimlənməsi Azərbaycan hüquq sisteminin qarşısında duran ən mürəkkəb məsələlərindən biridir. Bu onunla bağlıdır ki, nikahın qeydə alınması ilə ər və arvadın bir-biriləri qarşısında əlaqəli hüquq və vəzifələri yaranır. Misal üçün: birgə əmlak hüququ, valdeynlik hüququ və s.

Bəzi hüquq və vəzifələr isə boşanma prosesi başa çatdıqdan sonra da davam edir (birgə nikahdan olan uşaqı saxlamaq vəzifəsi, uşaqla ünsiyyət hüququ).

Boşanma prosesi

Qanunvericiliyə əsasən nikah pozulmasının 2 qaydası var:

Nikahın Qeydiyyat Şöbəsində xitam verilməsi

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər.

Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə (məs: ASAN 3) ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər. 

Nikahın pozulması zamanı nikahın bağlanması kimi hər iki şəxsin  şəxsən  iştirak etməsi tələb edilir.

Məhkəmə qaydasında boşanma (nikahın pozulması)

Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.

Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır. 

Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə Mediasiya təşkilatına müraciət etməlidir. 

Mediasiya Şurası tərəfindən təyin edimiş mediator tərəfləri barışdıra bilmədiyi təqdirdə isə tərəf məhkəməyə müraciət etməlidir. 

Boşanma prosesində nikahın pozulması ilə yanaşı məhkəmə növbəti məsələlərə baxır:

boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması;

uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması;

ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlak bölgüsünün necə aparılması;

ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarı müəyyən edilməlidir.

Boşanma ərizəsi

Boşanma ərizəsi yazılanda ərizədə boşanmanın səbəbi göstərilməlidir. Bundan başqa, boşanma ərizəsində tərəf boşanmadan sonra uşağın kimin yanında qalmasını və aliment məbləğini qeyd etməlidir. Sonuncu iki tələb qeyd edilmədiyi təqdirdə məslə hakimin mülahizəsinə əsasən həll edilir. 2026 minimum aliment məbləği bir uşağa görə 260 manat müəyyən edilmiş, 2027-ci ilin yanvar ayından isə bir uşağa görə 274 manat müəyyən ediləcək.

Boşanmaq üçün lazım olan sənədlər

Nikah haqqında şəhadətnamənin əsli

uşağın doğum haqqında şəhadətnaməsinin surəti

tərəflrərin şəxsiyyət vəsiqələrinin surətləri 

İşin ilkin mediasiyada baxılmasını təsdiq edən sənəd

dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Boşanma neçə ay çəkir?

Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.

Məhkəmə qaydasında boşanma prosessi 2 aydan 5 aya qədər çəkə bilər. Tərəflər boşanmaqa razı olduqları  və digər məsələlərlə bağlı bir fikir ayrılığı olmayanda məhkəmə adətən 1 hazırlıq iclası və 1 baxış iclası təyin edərək yekun qərar çıxardır.

Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər.

Xaricdə bağlanılmış nikahın pozulması

Xaricdə nikah bağlamış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycanda boşana bilər. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 150.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər.

Nikah Müqaviləsi 

Nikaha daxil olmazdan əvvəl tərəflərin Nikah müqaviləsinin bağlaması boşanma və əmlak bölgüsünün daha rahat keçməsinə zəmin yaradır.

Nikah müqaviləsi xüsusən də böyük sərvətlərə sahib olan ailələr üçün vacib əhəmiyyət kəsb edir. Belə hallarda ortaq biznes, bank depozitləri, qiymətli kağızlar, nəqliyyat və nikah zamanı əldə edilmiş digər əmlak ər-arvad arasında ədalətli şəkildə bölünməlidir.

Ər və arvadın birgə mülkiyyəti 

Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır

 Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnk Salman Musayev