Daha nağıl danışma gəl, nənəcan,
Hanı padşah, hanı pəri, hanı xan?
Nə qum qalıb, nə səhra var, nə sarvan,
Qeybə getdi karvan-karvan dəvələr,
Nağıllara qulaq asmır nəvələr.
Söylə görüm, heç sehirli xalça var?
Cik-cik xanım, qarı nənə, sərçə var?
Min bir rəngdən naxış salan milçə var?
Yoxdur daha göz nurundan gəvələr,
Nağıllara qulaq asmır nəvələr.
Buta verən qoca gördün, de bəlkə?
Məhəbbəti əvəz edib hirs, hikkə.
Muzeylərdə cecim¹, məfrəş², mütəkkə,
Toz içində, basıb artıq güvələr,
Nağıllara qulaq asmır nəvələr.
Sayan varmı Qırat, Dürat, Bozatı?
Qara rənglə boyadılar həyatı.
Deyən yoxdur daha layla, bayatı,
Bəyənilmir şirin ləhcə, şivələr,
Nağıllara qulaq asmır nəvələr.
Tapammazsan dərviş kimi gəzəni,
Görəmməzsən mis sərnici, küzəni.
Ox, kamanı, qılınc, qalxan, nizəni,
Əvəz edib odlu atom, nüvələr,
Nağıllara qulaq asmır nəvələr…
_¹ - yerə sərilən xalça növü_
_² - yun döşək, palaz kimi yerə sərilən_
*Yeganə Məmmədova*
*03.10.2026*
