Son illər Azərbaycanın hüdudlarından kənarda xalqımızın görkəmli şəxsiyyətlərinin abidələrinə qarşı təxribatların şahidi oluruq. Belçikada Xurşidbanu Natəvanın abidəsinin dəfələrlə təhqir olunması zamanı onun bərpasında mən də dostlarımla birlikdə iştirak etmişəm. Fransada, Avstriyada oxşar hadisələr baş verib. Bu günlərdə isə Tiflisdə Heydər Əliyevin büstünün təhqir olunması barədə xəbər yayıldı.
Bütün bunlar bizi ciddi düşündürməlidir.
Azərbaycanla Ermənistan arasında davamlı sülh istəyiriksə, bu sülh yalnız siyasi sənədlərdən və sərhədlərin müəyyənləşdirilməsindən ibarət olmamalıdır. Onun mənəvi və humanitar dayaqları da olmalıdır.
Milli və dini nifrəti qızışdıran təbliğata son qoyulmalı, tarixi və mədəni abidələrə qarşı vandalizm və təhqir qəbuledilməz sayılmalıdır.
Bu prinsiplər sülh müqaviləsində də öz əksini tapmalıdır. Əks halda, kağız üzərindəki sülhün mənəvi dayaqları olmayacaq.
CİDDİ NARAHATLIQ
Son günlər Azərbaycanda, xüsusilə sosial şəbəkələrdə bəzi İranpərəst və radikal dini çevrələrin antisemit çağırışları ciddi narahatlıq doğurur.
Unutmayaq ki, yəhudilər tarixən bizim din ayrı qardaşlarımızdır. Azərbaycan yəhudiləri əsrlər boyu bu torpağın ayrılmaz və sədaqətli parçası olublar.
Daha bir həqiqəti qeyd edim ki, konkret şəxsin və ya dövlət rəhbərinin cinayətinə görə bütöv bir xalq ittiham oluna bilməz.
Netanyahu hökumətinin qərarlarına görə bütün yəhudi xalqını günahlandırmaq nə qədər yanlışdırsa, Stalinin cinayətlərinə görə gürcü xalqını, Mircəfər Bağırovun Azərbaycan ziyalılarına qarşı cinayətlərinə görə isə bütün Azərbaycan xalqını ittiham etmək də bir o qədər absurddur.
Cinayətkarın məsuliyyəti xalqın üzərinə qoyula bilməz!
BƏZƏKSİZ-DÜZƏKSİZ VİCDANIN SƏSİNƏ XİDMƏT
Bir neçə ay əvvəl Vyanada baş verən bir hadisə mənim üçün xüsusi məna daşıyır.
2006-cı ildə Vyananın Donauparkında dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin şərəfinə ucaldılmış abidəyə vandalizm cəhdi edilmişdi. Əvvəlki illərdə də abidə müxtəlif erməni radikal qrupların hədəfinə çevrilib.
Almaniyanın Münhen şəhərində yaşayan iş adamı, Azərbaycan diasporunun yəhudi əsilli tanınmış simalarından biri Emin Salimov digər yəhudi dostları ilə birlikdə bu hadisəyə biganə qalmadı. Abidəni təmizlədilər, ona öz doğma insanlarının xatirəsinə yanaşdıqları kimi qayğı göstərdilər.
Çünki Üzeyir Hacıbəyli onların da milli-mədəni yaddaşının, doğulduqları vətənin və mənəvi dünyalarının bir parçasıdır.
Emin Salimov hətta bu hadisənin mətbuatda işıqlandırılmasını istəməmiş və demişdi:
“Bu, mənim Azərbaycanımın qarşısında namus borcumdur.”
Bu, söz deyil, əməldir.
Dəfələrlə Avropada təhsil alan azərbaycanlı tələbələrin maddi və texniki problemləri ilə bağlı müxtəlif iş adamlarına müraciət etmişəm. Təəssüf ki, belə müraciətlərə real dəstək verənlər arasında Emin Salimov xüsusi seçilib. Dünyanın müxtəlif ölkələrində yaşayan digər Azərbaycan yəhudilərinin də belə nümunələrini göstərmək olar.
Bax, əsl dostluq, əsl vətəndaşlıq, əsl insanlıq budur!
Azərbaycan yəhudilərinin bu torpağa bağlılığını hansısa siyasi maraqların kölgəsində qoymağa çalışanlar əvvəlcə öz tariximizə nəzər salsınlar.
Bu gün bizə nifrət deyil, sağlam düşüncə lazımdır. İnsanları milli və dini mənsubiyyətinə görə bir-birinə düşmən edən hər cür təbliğata qarşı qətiyyətli dayanmalıyıq.
QAYIDAQ AZƏRBAYCAN-ERMƏNİSTAN MƏSƏLƏSİNƏ
Ermənistan həqiqi sülh istəyirsə, ilk növbədə nifrət dilindən imtina etməlidir. Bu, siyasi münasibətlərlə yanaşı, dini ocaqlara və mədəni abidələrə münasibətdə də özünü göstərməlidir.
Abidəyə hörmət keçmişə ehtiram olmaqla yanaşı, gələcək qarşısında məsuliyyətdir.
Sülh müqaviləsini dövlətlər imzalaya bilər, amma sülhü xalqların qəlbində yaşatmaq erməni, gürcü, azər-türk və bütöv Qafqaz xalqlarının ziyalılarının məsuliyyətidir.
Biz belə bir sülhə məhkumuq.
Əks halda, başqaları bizi yenidən bir-birimizə düşmən edib, öz maraqları naminə idarə edəcəklər.
Sülh sərhəddən başlamır. Sülh insanın vicdanından başlayır!
Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.




