Eldar Hüseynovla həyatda şəxsi tanışlığım yoxdur. Onu qiyabi tanıyıram. Amma onun poeziyasını 2024-cü ildən bəri mətbuatda dərc olunan yazılardan, saytlarda yayılan materiallardan izləyirəm və dərindən bələd olmaq üçün onun haqqında geniş rəyi qələmə almağı özümə borc bildim.
Bu yazıda həm onun həyat yoluna, həm də bədii yaradıcılığına birlikdə nəzər salmaq istəyirəm.
Tərcümeyi-hal
Eldar Hüseynov 1954-cü ildə Bakının ən qədim kəndlərindən birində — Əmircan kəndində, köhnə adı ilə Xilə kəndində dünyaya göz açıb. Əslən bakılıdır. Atası azərbaycanlıdır, anası polyakdır. Kökü ata tərəfdən çox qədimdir — ata babası Hacı Heybətqulu Məmmədqulu oğlu 1800-cü illərdən bəri Əmircanda məskunlaşıb.
Anası polyak olduğu üçün, həm də dövrün tələbi ilə orta məktəbi rus dilində bitirib. Elə bu səbəbdən bütün ədəbi-bədii yaradıcılığı rus dilindədir. Mənim üçün isə yaradıcı insanın dili, dini, milliyyəti əsas deyil — əsas odur ki, gözəl yaradıcı olsun, xalqına xidmət etsin. Eldar Hüseynov — Эль Бакуви məhz belə sənətkardır.
Şeirə həvəsi hələ Ukraynada hərbi xidmətdə olarkən, 1972-1974-cü illərdə yaranıb. Gənclik illərindən, təxminən 1980-ci illərdən isə sistemli şəkildə şeir yazmaqla məşğuldur. Deməli, artıq qırx ildən çoxdur ki, bədii ədəbiyyat sahəsində çalışır.
Ədəbi yolu və kitabları
Eldar müəllimin ilk mətbu şeirləri 2006-cı ildə Azərbaycan Yazıçılar Birliyinin “Literaturnıy Azərbaycan” jurnalında dərc olunub. O vaxt baş redaktor Mansur Vəkilov idi. Sonra Azərbaycan Yazıçılar Birliyinin “Xəzər” ədəbi cəmiyyətinin üzvü olub. Müxtəlif illərdə almanaxlarda, antologiyalarda çıxış edib.
Onun üç əsas kitabının müəllifidir:
“Ruhumun çağırışları” — rusca “Pozıvnıe moey duşi”. İlk dəfə 2014-cü ildə Bakıda “Nurlan” indiki “Elm və təhsil” nəşriyyatında çap olunub. Redaktoru “İcmal” qəzetinin baş redaktoru Teyfur Çələbi olub. Elə həmin il kitab Kanadada, Toronto şəhərində “Altaspera” Nəşriyyatı tərəfindən yenidən nəşr edilib və oxucular tərəfindən sevə-sevə qarşılanıb. Təqdimatı 2014-cü ilin sentyabrında Suraxanı rayon Gənclər Evində keçirilib. İkinci, təkmilləşdirilmiş və əlavələr edilmiş nəşri 2023-cü ilin avqustunda işıq üzü görüb.
“Prişelets” (“Gəlmə”) — 2017-ci ildə “Elm və təhsil”də çap olunub.
“El Bakuvinin yüz soneti” — “Sto sonetov El Bakuvi” — 2018-ci ildə çap olunub. Kitaba ön sözü Teyfur Çələbi və Azərbaycan Milli Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli yazıb. Onun sözləri ilə desək: “Sənə uğurlar, Şərqin yeni doğan Dan Ulduzu”.
Bunlardan əlavə, 2024-cü il avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın yubileyi münasibətilə “Suvenir” adlı sonetlər toplusunu sürpriz olaraq dərc etdirib. Bu toplu onun on illik zəhmətinin bəhrəsidir. Mənə görə “Suvenir” dünya ədəbiyyatının şedevr nümunəsi sayıla bilər.
El Bakuvi nəzm əsərləri ilə yanaşı, nəsrdə də qələmini sınayır, amma əsas istiqaməti poeziyadır — poemalar, şeirlər və sonetlər.
O, “Prişelets” (“Gəlmə”), “Prometey” (“Prometey”) kimi iri poemaların, eləcə də “Samaya pervaya i nastoyaşaya” (“Ən birinci və əsli”) və “Kler” (“Kler”) adlı iki kiçik poemanın müəllifidir. Yəni poeziyada ən çətin hesab olunan poema janrı normativini dörd dəfə yerinə yetirib.
Niyə El Bakuvi?
Eldar müəllim “El Bakuvi” soyadını təsadüfən götürməyib. Bununla elinə, obasına, doğma Bakısına vurğunluğunu ifadə edib. Kitabının üz qabığında həkk etdiyi sözlər də onun proqramıdır: “Ya Çelovek, Ya Mirotvorets, Ya Prişelets” — “Mən İnsanam, Mən Sülhməramlıyam, Mən Gəlməyəm”.
Buradakı “Gəlmə” sözünün kökünü onun eyniadlı poemasından anlamaq olur. Özünü başqa planetdən gəlmiş qonaq kimi hiss edən, amma qəlbi insan sevgisi ilə dolu bir şairin fəlsəfəsidir.
Sonet ustası
El Bakuvini Azərbaycan poeziyasında əsasən sonet janrı ilə tanıyırlar. Sonet Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə yaranıb, vətəni İtaliyadır. 14 misradan ibarətdir, ən mürəkkəb lirik formadır. Dante, Şekspir, Petrarka, Lope de Veqa, Bokaje bu janrın nəhəngləridir.
Azərbaycan ədəbiyyatında Səməd Vurğun, Süleyman Rüstəm, Əliağa Kürçaylı, Adil Babayev, Zeynal Xəlil sonet yazıblar. El Bakuvi isə bu gün artıq beş yüzdən, bəzi mənbələrə görə altı yüzdən artıq sonetin müəllifidir. O, sonetlər silsiləsinin və sonetlər çələnginin müəllifidir. Bu çələnglər həm məzmunca, həm də formal qaydalara əmələtmə baxımından poeziyamızın sanballı nümunəsidir.
Müəllifin özü deyir ki, sonetdə müəllimi məhz portuqal şairi Manuel Mariya Barboza du Bokaje olub. Klassiklərimizdən isə ən çox Əliağa Vahidin qəzəllərini sevir.
Onun şeir və sonetlərini mən üç yerə bölürəm: Vətən, Məhəbbət, Fəlsəfi. Bütün yaradıcılığı bu üç nöqtədə cəmlənib.
Heç şübhəsiz ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Əlişir Nəvai və onlarca klassiki yaxından tanımayan insan poeziyanı belə sevə bilməz. El Bakuvi bu klassiklərdən qidalanır. Elə buna görə onun sonetlərində həm Şərq, həm də Qərb poeziyasının motivləri birləşir.
Mətbuatda izi
Onun şeirləri dəfələrlə “Literaturnıy Azərbaycan” jurnalında, “Azad Qələm” jurnalında, “Şərqin səsi”, “Elm və təhsil”, “Borçalı”, “Yurd”, “Bütöv Azərbaycan” qəzetlərində dərc olunub. Son vaxtlar “Borçalı” və “Yurd” nəşriyyatlarında çıxan ədəbi-bədii məcmuələrdə, almanaxlarda şeirləri və haqqında yazılan məqalələr yer alıb.
Bu yaxınlarda “Bütöv Azərbaycan” qəzetində Filologiya elmləri namizədi, dosent, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Murzıyevin onun haqqında geniş məqaləsi dərc olunub. Ondan əvvəl Nəcibə İlkin, Adil Abdullayev, Nadir Məmmədli kimi ziyalılarımız onun haqqında yüksək fikirlər söyləyiblər.
Məhəbbət şairi
Yaradıcılığına nəzər salanda şeirlərində məhəbbət mövzusunun geniş yer alması diqqəti cəlb edir. O, Şərq şairidir, Şərq nəzm ənənələrindən köklənir. Tərənnüm etdiyi məhəbbət safdır, təmizdir, heç bir təmənna güdmür. XXI əsrin sevənlərinin dünyasıdır.
Eyni zamanda vətənpərvər şairdir. Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevaya həsr etdiyi sonetlər silsiləsi — “Zvezda Vostoka”, “Kak prekrasen Vostok”, “Suvenir” — bunun bariz nümunəsidir. İlk nəşrdə bir şeir idisə, son nəşrdə artıq səkkiz gözəl sonet həsr edib, birini hətta əlyazma formasında təqdim edib. Bu, böyük hörmətin əlamətidir.
Son söz
Eldar Hüseynov rus dilli olduğu üçün bütün yaradıcılığı rus dilindədir. Amma o, sırf Azərbaycan xalqı üçün çalışır və özünü məhz Azərbaycan şairi kimi təqdim edir. Nizami “Xəmsə”ni fars dilində yazsa da, onu dünya Azərbaycan şairi kimi tanıyır. El Bakuvi də belədir.
Bu gün biz fəxr etməliyik ki, aramızda El Bakuvi kimi gözəl sənətkar yaşayır. Dahi Nizami, Füzuli, Nəsimi, Xətai, Səməd Vurğunun irsi kimi, onun irsi də yüzilliklər sonra öyrəniləcək.
Mən, vətənpərvər, sülhsevər şair-yazar BayramAşıqlı olaraq, Eldar müəllimə bol-bol yaradıcılıq uğurları arzulayıram. Qoy qədim Xilə — Əmircan torpağı onun kimi oğulları ilə həmişə fəxr etsin.
Hörmətlə, şair-yazar BayramAşıqlı
Vətən üçün, sülh üçün
