Bəzən insan dünyanın gedişinə baxıb düşünür: Görəsən, bu dünya niyə belə olub? Nə üçün yaxşılıqla yanaşı pislik, mərhəmətlə yanaşı qəddarlıq, sədaqətlə yanaşı xəyanət, haqqla yanaşı haqsızlıq addımlayır? Niyə bir insan başqasının göz yaşını silmək üçün əl uzadır, digəri isə həmin göz yaşlarının səbəbkarına çevrilir? Niyə kimsə bir tikə çörəyini ehtiyacı olanla bölüşür, başqası isə milyonların haqqını mənimsədiyi halda yenə də gözünü başqalarının malına dikir?
Bu sualların cavabını axtardıqca insanın qəlbində bir haray baş qaldırır. O haray nə var-dövlət istəyir, nə şöhrət, nə də kiminsə qarşısında baş əyməyi. O haray yalnız haqqın öz yerini tapmasını, vicdanın susmamasını, insanlığın öz dəyərini itirməməsini istəyir.
Elə anlar olur ki, insan göylərə baxıb Tanrıya üz tutmaq istəyir: Neylərdin, Allah, bu qədər insanı eyni dünyaya gətirəndə? Niyə birinə mərhəmətli ürək, digərinə daşdan da sərt qəlb verdin? Niyə bir insan başqasının dərdinə şərik olur, digəri isə onun bədbəxtliyindən özünə səadət qurur?
Əslində, bəlkə də Tanrının yaratdığı dünya deyil, insanın öz əlləri ilə dəyişdirdiyi mənəvi aləmdir bizi bu suallarla üz-üzə qoyan. Çünki insan dünyaya vicdansız gəlmir. Onu vicdanından uzaqlaşdıran tamahı, xudpəsəndliyi, şöhrət hərisliyi, bitib-tükənməyən nəfsidir.Bu gün elə adamlar var ki, insanın dəyərini cibindəki pulla ölçürlər. Onların nəzərində mərhəmət zəiflik, təvazökarlıq acizlik, vicdan isə bəzən insanın yolunu kəsən bir maneədir. Belələri üçün həyatın mənası qazanmaqdan ibarətdir. Amma nəyi və necə qazandıqlarının fərqində deyillər. Başqasının haqqını tapdalayıb yüksəlməyi uğur, kiminsə göz yaşları üzərində xoşbəxtlik qurmağı bacarıq sayırlar.
Unudurlar ki, pul insanın cibini doldura bilər, amma ruhunu zənginləşdirə bilməz. Varlı olmaq başqa şeydir, insan olmaq başqa. Elə kasıb insanlar var ki, bir tikə çörəklərini bölüşəndə dünyanın ən böyük sərvətinə sahib olurlar. Elə zənginlər də var ki, saraylarda yaşasalar belə, qəlblərinin yoxsulluğundan xəbərsizdirlər.
İnsanlığın faciəsi də bundadır: bəziləri var-dövlət topladıqca özlərini böyüdür, amma əslində kiçilir; bəziləri isə əlində heç nə olmadığı halda mənəviyyatları ilə ucalırlar.Bir də Vətəni öz şəxsi mülkiyyəti, xalqın malını öz ata-baba mirası hesab edənlər var. Onlar el malına əl uzadanda, başqasının haqqını mənimsəyəndə, öz mənafelərini hər şeydən üstün tutanda unudurlar ki, Vətən heç kimin şəxsi mülkü deyil. Vətən milyonlarla insanın alın təri, anaların duası, əsgərlərin qanı, şəhidlərin canı ilə qorunan müqəddəs əmanətdir.Bu torpağın hər qarışında bir tarix, hər daşında bir xatirə, hər yamacında bir ömür yatır. Vətəni sevmək yalnız gözəl sözlər söyləmək deyil. Vətəni sevmək onun insanına sahib çıxmaq, haqqını qorumaq, dövlətin və xalqın etibarını doğrultmaqdır. Dilində Vətən deyib əməlləri ilə ona zərər vuran insanın sözləri nə qədər gur səslənsə də, vicdan qarşısında dəyərsizdir.
Bəs insanın ən müqəddəs duyğularından biri olan sevgi? Niyə sevgi də bəzən oyun-oyuncağa çevrilir? Niyə bir ürək ömrünü bir insana bağlayır, digəri isə həmin bağlılığı öz əyləncəsinə çevirir? Niyə sədaqət andı içənlər ilk çətinlikdə üz döndərir, etibar qazananlar bir gün həmin etibarı öz əlləri ilə məhv edirlər?
Sevgi insanın ruhunu ucaldan duyğudur. Onu aldatmaq, ümidlərini qırmaq, səmimiyyətindən istifadə etmək yalnız bir qəlbi yaralamaq deyil, insanlığın özünə zərbə vurmaqdır. Çünki bir insanın inamını itirmək asandır, onu yenidən qazanmaq isə bəzən bir ömrə sığmır.
İkiüzlülük də mənəviyyatın ən ağır yaralarındandır. Üzdə təbəssüm, dildə xoş söz, qəlbdə isə kin və həsəd... Belə insanlar başqalarının yanında özlərini mələk kimi göstərər, arxadan isə həmin insanların həyatına kölgə salarlar. Onlar həqiqəti deyil, özlərinə sərf edən yalanı yaşadar, fitnə ilə münasibətləri dağıdar, paxıllıqla başqalarının sevincini zəhərləyərlər.
Amma insan nə qədər maska taxsa da, bir gün həqiqət qarşısında dayanmalı olur. Zaman hər kəsin üzündən saxta pərdələri götürən səssiz hakimdir. Bu gün gizlədilən niyyət sabah üzə çıxa, bu gün ört-basdır edilən haqsızlıq bir gün öz sahibinin qarşısına çıxa bilər.Vicdanın məhkəməsi isə bəzən heç bir məhkəmə zalına sığmır. İnsan gecənin səssizliyində öz əməlləri ilə baş-başa qalanda, nə şöhrət onu müdafiə edir, nə pul, nə də ətrafındakı yaltaqlar. O an insanın qarşısında yalnız özü dayanır — etdiyi yaxşılıqlarla, törətdiyi haqsızlıqlarla, qırdığı qəlblərlə, susduğu həqiqətlərlə.Bəlkə də insanın ən böyük cəzası elə öz həqiqətindən qaça bilməməsidir.Bütün bunları düşündükcə dünyanın qaranlıq tərəfləri göz önündə canlanır. Nadanlığın özünü müdriklik hesab etdiyi, cahilliyin lovğalıqla danışdığı, haqsızlığın bəzən haqqın səsini boğmağa çalışdığı bir zamanda insanın qəlbi yorulur. Adam istəyir ki, insanlar bir-birinə daha mərhəmətli yanaşsınlar, başqasının uğuruna sevinməyi bacarsınlar, bir-birinin dərdinə biganə qalmasınlar.Ancaq dünyanın bütün rənglərini qara görmək də həqiqətə ədalətsizlik olardı. Çünki yaxşı insanlar hələ də var. Öz çörəyini ehtiyacı olanla bölüşənlər, yetimin başını sığallayanlar, kimsəsizin əlindən tutanlar, haqqı müdafiə etməkdən qorxmayanlar, Vətənin və xalqın mənafeyini şəxsi maraqlarından üstün tutanlar var.Elə insanlar var ki, heç kəs görməsə də yaxşılıq edirlər. Adlarının çəkilməsini gözləmədən bir dərdin yükünü yüngülləşdirirlər. Bir ananın göz yaşını silir, bir uşağın üzündə təbəssüm yaradır, bir qocanın qapısını döyüb halını soruşurlar. Onlar dünyanın gurultulu səhnələrində görünməsələr də, həyatın ən qiymətli dayaqlarıdırlar.
Dünya məhz belə insanların hesabına yaşayır.Bəlkə də Tanrıya ünvanladığımız sualların cavabı elə insanın öz daxilində gizlənib. Biz başqalarının qəlbinə baxmazdan əvvəl öz ürəyimizi yoxlamalı, başqalarının səhvini saymazdan əvvəl öz əməllərimizə nəzər salmalıyıq. Çünki dünya yalnız başqalarının pisliyi ilə çirklənmir, yaxşı insanların susqunluğu ilə də öz işığını itirir.
Haqqsızlıq qarşısında susmaq bəzən haqsızlığın ömrünü uzadır. Yaxşılığı müdafiə etmək, həqiqəti söyləmək, zəifin yanında dayanmaq isə insanlığın borcudur. Hər kəs dünyanı dəyişdirə bilməz, amma hər kəs öz ətrafında kiçik bir yaxşılıq dünyası yarada bilər.Mən inanıram ki, dünyanın tərəzisi nə qədər gec olsa da, həqiqətin ağırlığını bir gün göstərəcək. Hər kəs öz əməlinin məsuliyyətini daşıyacaq. Çünki insanın arxasında qoyduğu ən böyük miras mal-mülk deyil, onun haqqında insanların qəlbində yaşayan xatirədir.
İnsan bu dünyadan gedəndə özü ilə nə var-dövlət aparır, nə də şöhrət. Ondan geriyə bir ad, bir iz, bir də qəlblərdə buraxdığı hisslər qalır. Kimsə mərhəmətlə xatırlanır, kimsə nifrətlə, kimsə isə bir ömrün işığı kimi yaddaşlarda yaşayır.
Ona görə də düşünürəm: insanın əsl böyüklüyü nə qədər çox şeyə sahib olmasında deyil, sahib olduqlarından nə qədərini başqaları ilə bölüşməsindədir. Əsl güc başqasını əzməkdə deyil, onu ayağa qaldırmaqdadır. Əsl müdriklik hər suala cavab verməkdə deyil, bəzən öz vicdanına doğru sualı ünvanlamaqdadır.
Nəhayət, bütün ağrılara, haqsızlıqlara, xəyanətlərə baxmayaraq, bir həqiqətə inanmaq istəyirəm: dünya hələ yaxşı insanlardan xali deyil. Hələ bir ananın duasında mərhəmət, bir şəhidin xatirəsində müqəddəslik, bir şairin misrasında həqiqət, bir insanın uzanan əlində ümid yaşayır.Qoy dünyanın bütün qaranlıqları bu işığın qarşısında aciz qalsın!
Qoy vicdan susmasın, haqq əyilməsin, mərhəmət tükənməsin!
Dünya nə qədər ağır olsa da, onu yaşadan yenə insanın içindəki yaxşılıqdır.
Yaxşılardan xali deyil bu dünya...
Bəlkə də bütün sualların cavabı bu sadə həqiqətdədir: dünyanı dəyişmək istəyiriksə, əvvəlcə öz içimizdəki insanı qorumalıyıq.
Müəllif Bayram Aşıqlı
Şair -publisist
"ÖMÜRDƏN SƏHİFƏLƏR" Kitabımdan
