Bu gün 1985-ci ildə Beynəlxalq Memarlar İttifaqı tərəfindən təsis edilib, 1996-ci ildə isə Beynəlxalq Memarlar İttifaqının Barselonada keçirilmiş 20-ci Baş Assambleyasında Ümumdünya Memarlar gününü oktyabrın ilk bazar ertəsi keçirmək və onu Ümümdünya Yaşam yeri gününə həsr etmək qərara alınıb.

Beynəlxalq Memarlar İttifaqı İkinci Dünya müharibəsindən dərhal sonra yaradılıb. Məqsədi müharibə nəticəsində dağılmış şəhərlərin, yaşayış məntəqələrinin və sənaye müəssisələrinin bərpası problemini həll etmək idi. Hazırda BMİ-nin tərkibində 100-dən artiq milli bölmə və milyondan çox memar var.

1950-ci ildə planet sakinlərinin 1/3-i şəhərlərdə yaşayırdı, yalnız 50 ildən sonra bu rəqəm 1/2-ə çatdı və 2050-ci ilə qədər 2/3-ə çatması (6 milyard) ehtimal edilir. Beləliklə şəhərlər bəşəriyyətin yarısının evi sayılır.

Ənənəvi olaraq memarların peşə bayramı hər il müəyyən mövzuya həsr edilir və onlar bütün dünyada konfranslarda toplaşaraq praktiki fəaliyyətlərini, iş şəraiti və əldə etdikləri nəticələri müzakirə edir, memarlıq təhsili problemlərini nəzərdən keçirir, həmçinin yaradıcı diskussiyalar aparırlar. Bu günlər sərgilər, festivallar həyata keçirilir.

Qeyd edək ki, hələ ötən əsrlərdə Azərbaycanda Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışaraq nadir memarlıq abidələri yaradıblar. Bununla yanaşı, o dövrdə də Azərbaycanın milli memarları - Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda və Şamaxıda çoxlu sayda tarixi binalar inşa olunub.

XX əsrin sovet dövründə də Azərbaycanın kifayət qədər tanınmış dünya şöhrətli memarları olub. Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar.

XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa, o cümlədən milli memarlığa, tarixi və müasir memarlıq üslublarından istifadəyə böyük diqqət yetirib. Bu baxımdan Heydər Əliyev Sarayı möhtəşəm obyektlərdən biridir. Həmin dövrdə çoxlu sayda digər gözəl memarlıq nümunələri hesab edilən binalar tikilib. Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınıb.

1993-cü ildə xalqın təkidli ilə yenidən hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərindən biri də memarlıq və şəhərsalma məsələləri olub, bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzi dünya memarlıq xəzinəsinə böyük bir töhfədir desək, yanılmarıq.

Bu günə qədər gəlib çatmış və gələcək nəsillər üçün qorunan nadir əsərlər Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Memarlarımız nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da öz dəstxətlərini yadigar qoyublar.

Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynayır, yaradıcılıq proseslərini istiqamətləndirir.

Müstəqillik illərində onlarla memarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb, fəxri adlarla, orden və medallarla təltif ediliblər. Ölkədə həyata keçirilən layihələrdə memarlarımızın uğurlu iştirakı isə Azərbaycan memarlarının istedadının əyani təzahürüdür.

Bütün bunlarla yanaşı, bütün dövrlərdə memarlığın qarşısında duran əsas vəzifələrdən biri də insanlar üçün rahat mühit, təhlükəsiz şərait yaratmaqdır.