Uzun illər birgə çalışdığım, özümə dost, qardaş, sirdaş bildiyim, Rusiyada Azərbaycan diasporunun yaradıcılarından biri, Vətənimizi hər sahədə şərəflə təmsil edən Tahir Hacıyev kimi soydaşımızla fəxr etməyə dəyər.

Tahir bəy əsl insanlıq, tərbiyə və humanizm nümunəsidir. İllərdir sadə ailələrdən çıxmış 17 imkansız, istedadlı kənd qızlarının təhsil almasına dəstək verir, onların bütün ehtiyaclarını qarşılayır. 

Təhsilini başa vuran qızların yerini hər il yeniləri tutur. Beləcə, bu xeyirxahlıq davam edir, yeni gənc qızlara ümid, inam və gələcəyə doğru yol açılır.

Əslində, Tahir bəy təkcə 17 kəndçi qızının təhsilinə dəstək vermir. O, onların taleyini dəyişir, arzularına qanad verir, müstəqil həyata hazırlaşmalarına, öz ayaqları üzərində dayanmalarına və cəmiyyətə layiqli insanlar kimi yetişmələrinə şərait yaradır. İnanıram ki, bu gün təhsil alan qızların hər biri sabah öz ailəsinin rifahına, cəmiyyətin inkişafına töhfə verəcəklər.

Bakıya gələndə imkan daxilində bu qızlara baş çəkirəm. Onların asudə vaxtlarını mənalı keçirmələri, dram teatrında tamaşalara getmələri, dəyərli ziyalılarla görüşləri üçün də imkan yaratmağa çalışırıq.

Təəssüf ki, bu gün Azərbaycanda Xudu Məmmədovlar, Bəxtiyar Vahabzadələr, İsmayıl Şıxlılar və digər milli ruhlu, sözü və şəxsiyyəti ilə cəmiyyətə yol göstərən ziyalılarımız çox azalıb…

Gənclərimizin belə şəxsiyyətləri tanımasına, onlarla ünsiyyətdə olmasına böyük ehtiyac var. Çünki təhsil yalnız diplom almaq deyil; həm də dünyagörüşü, mənəviyyat, milli kimlik və şəxsiyyət formalaşdırmaqdır.

Məni sevindirən məqamlardan biri də bu qızların tərbiyəsi, mədəniyyəti və həyata baxışıdır. Onlar başlarını şal-şəlpəyə bürümədən, milli kimliklərini qoruyaraq, müstəqil düşünən, məğrur və azad ruhlu Azərbaycan-Türk qızları kimi böyüyürlər. 

Əslində əsl gözəllik də elə budur: insanın nə geyimində, nə də zahiri görünüşündə deyil, ağlında, tərbiyəsində, mənəviyyatında və şəxsiyyətindədir.

İnternatda böyümək insanın taleyində müəyyən izlər buraxa bilər. Lakin mənə elə gəlir ki, çətinliklər içində böyüyən insanlar bəzən başqasının dərdini daha yaxşı anlayır, mərhəmətin və qayğının qiymətini daha dərindən bilirlər. 

Tahir bəyin həyat təcrübəsinin və xarakterinin onun bu xeyirxah fəaliyyətinə internat məktəni təsirsiz qalmayıb. Onun gördüyü işlərdə insan sevgisini və başqasının taleyinə biganə qalmamaq duyğusunu aydın görürəm.

Bir qızın təhsil almasına dəstək vermək, əslində, bütöv bir gələcəyə sərmayə qoymaqdır. Təhsil alan bir qız sabah öz övladlarını yetişdirəcək, ailəsinə dayaq olacaq, cəmiyyətə fayda verəcək. Bu gün bir insana açılan qapı sabah neçə-neçə insanın həyatına işıq sala bilər.

Bütün bunları Tahir bəyə heç kim tapşırmayıb. O, bu işi şöhrət, təltif və ya kiminsə qarşısında öhdəlik xatirinə görmür. Bu, onun vicdanının səsi, insanlara sevgisinin və vətəndaşlıq məsuliyyətinin təzahürüdür.

Mən həmişə düşünmüşəm ki, insanın böyüklüyü sahib olduğu sərvətlə deyil, başqalarının həyatında yaratdığı müsbət dəyişikliklə ölçülür. Bir insana balıq vermək onu bir gün doyurmaqdır, balıq tutmağı öyrətmək isə ona gələcəyini qurmaq imkanı yaratmaqdır. 

Təhsildə də belədir. Qızlara təhsil almaq imkanı yaratmaq onların öz gələcəklərini qurmasına, eyni zamanda millətimizin sabahına xidmət etməsinə şərait yaratmaqdır. Tahir Hacıyev məhz belə bir missiyanı həyata keçirir.

Dostluğumuz illərə söykənir. Birlikdə çalışdığımız illər, bölüşdüyümüz sevinclər və qayğılar bu dostluğu zamanın sınağından keçirib. Mənim üçün dostluğun ən böyük dəyəri də budur: illər keçsə də, insana verdiyin qiymətin dəyişməməsi, onun şəxsiyyətinə və əməllərinə hörmətinin artmasıdır.

Əziz dostum, qardaşım, sirdaşım Tahir bəy! 

Sənin gördüyün bu xeyirxah işlər təkcə bu günün deyil, gələcəyin də sərvətidir. Çünki insana edilən ən böyük yaxşılıq onun həyatını dəyişmək, ona ümid vermək və öz gələcəyini qurmaq üçün imkan yaratmaqdır.

Yaxşı ki, sənin kimi insanlar var! Yaxşı ki, insanlıq, mərhəmət və vicdan yaşayır! Səninlə dostluğumla fəxr edirəm! Nə yaxşı ki, hər ikimizin eyni amamız var- Azərbaycan! Ulu Tanrı anamızı qorusun!

Elman Mustafazade