Gəncədə keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.
Azərbaycanın tarixi Zəfərinin qazanılmasında Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə yanaşı, diaspor nümayəndələrimizin, media əməkdaşlarının, eləcə də vətəndaş cəmiyyətinin təmsilçilərinin – üçüncü sektorun üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin də xüsusi rolu olub. Vətən müharibəsi dövründə milli maraqlarımızın müdafiəsi, həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması və ölkəmizin haqq səsinin dünyaya duyurulması bu birliyin nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi.
Mən, 2007-ci il noyabrın 16-da dövlət qeydiyyatına alınmış, fəaliyyəti ilə daim ictimaiyyətin diqqətini cəlb edən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin həmtəsisçisi və sədri olaraq, vətəndaş cəmiyyətinin inkişafını, QHT-lər arasında əməkdaşlığın genişlənməsini hər zaman vacib hesab etmişəm.
Bu baxımdan, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində son dövrlərdə müşahidə olunan yenilikləri və müsbət dəyişiklikləri xüsusi qeyd etmək istərdim. QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevanın rəhbərliyi dövründə QHT sektorunda əməkdaşlıq imkanlarının genişləndirilməsi, təşkilatların fəaliyyətinə yeni yanaşmaların tətbiqi, xarici ölkələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin qurulması istiqamətində mühüm addımlar atılıb. Birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin təşviqi və QHT-lərin ictimai proseslərdə iştirak imkanlarının artırılması bu fəaliyyətin diqqətçəkən istiqamətlərindəndir.
Noyabrın 5-6-da Gəncə şəhərində keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu da məhz bu əməkdaşlıq mühitinin daha da möhkəmləndirilməsi baxımından əlamətdar oldu. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutan forum müxtəlif istiqamətlərdə fəaliyyət göstərən QHT nümayəndələrini bir araya gətirdi. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin iştirakı da forumun əhəmiyyətini artıran məqamlardan biri idi.
Forum çərçivəsində səsləndirilən çıxışlar, aparılan müzakirələr və irəli sürülən təşəbbüslər vətəndaş cəmiyyətinin qarşısında duran yeni vəzifələrə aydınlıq gətirdi. Xüsusilə WUF13-ün irsinin QHT təşəbbüslərində yaşadılması, təşkilatların sosial media və rəqəmsallaşma imkanlarından daha səmərəli istifadə etməsi, süni intellekt bacarıqlarının inkişaf etdirilməsi kimi məsələlər diqqət mərkəzində oldu.
Ən mühüm çağırışlardan biri isə Azərbaycan QHT-lərinin milli maraqların müdafiəsində daha fəal və koordinasiyalı şəkildə iştirak etməsi idi. Çünki müasir dövrdə vətəndaş cəmiyyətinin missiyası yalnız ölkə daxilində ictimai təşəbbüslərlə məhdudlaşmır. QHT-lər beynəlxalq platformalarda Azərbaycanın mövqeyinin müdafiəsi, həqiqətlərimizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və ölkəmizin nüfuzunun yüksəldilməsi istiqamətində də mühüm rol oynayırlar.
Forum müddətində müxtəlif QHT nümayəndələri ilə söhbətlərimiz oldu. Həmsöhbət olduğum əksər təşkilat rəhbərləri QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevanın fəaliyyətini müsbət qiymətləndirdilər. Onlar QHT-lərin bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması, yeni təşəbbüslərin müzakirəsi üçün yaradılan imkanların əhəmiyyətini vurğuladılar.
“Kür-Xəzər” Cəmiyyəti İctimai Birliyinin sədri Akif Kərimov, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Cəfərova, “Qürur” Şəhid Ailələri Xeyriyyə Cəmiyyətinin sədri, şəhid soydaşımız, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı Naibə Behbudova, “Muğan Düzü” İctimai Birliyinin sədri Vidadi Quliyev, “Müvəkkil” Hüquq Mərkəzi İctimai Birliyinin sədr müavini Mobil Vəkiloğlu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli və digər iştirakçılar Agentliyin fəaliyyətini, QHT sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirdilər.
Belə görüşlər və müzakirələr bir daha göstərir ki, QHT-lərin gücü yalnız ayrı-ayrılıqda həyata keçirdikləri layihələrlə ölçülmür. Əsl güc ümumi məqsəd naminə birləşməkdə, bir-birinin təcrübəsindən yararlanmaqda və milli maraqlar ətrafında həmrəylik nümayiş etdirməkdədir.
Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu da bu baxımdan yadda qalan tədbirlərdən biri oldu. İnanıram ki, forumda səsləndirilən təkliflər, müəyyənləşdirilən prioritetlər və qurulan yeni əlaqələr gələcəkdə daha genişmiqyaslı layihələrin reallaşmasına zəmin yaradacaq.
Atalarımızın çox gözəl bir kəlamı var: “El bir olsa, dağ oynadar yerindən!” Bu müdrik deyim təkcə xalqımızın birliyini deyil, həm də ortaq məqsəd ətrafında birləşən insanların böyük işlərə imza atmaq gücünü ifadə edir. Azərbaycan QHT-lərinin də əsas gücü məhz bu birlikdə, həmrəylikdə və əməkdaşlıqdadır.
Şamil Sabiroğlu(Ələkbərli),
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri
7 noyabr 2026-cı il
#ƏməkdaşlıqForumu #Gəncə #QHT Agentliyi


