Bəhruz Cəfər oğlu Keyqubadı ilə 20 ildən artıq dost, qonşu, qardaş, əqidədaş və sirdaş olmuşuq.

Amsterdamın Bos en Lommer məhəlləsində ayda bir dəfə Şimali və Cənubi Azərbaycandan olan soydaşlarımızla bir araya gələrdik. Hamımız pul qoyar, kabab bişirər, dərdləşərdik. Məclislərin təşkilatçısı Bəhruz olardı. Kababı adətən Göyçaylı Böyükağa, bəzən də mən bişirərdim. O məclislər əslində dərdləşmək üçün qürbətdə bizim Vətənimiz, doğmalığımız idi

Birlikdə Avropanın müxtəlif ölkələrinə işgüzar səfərlər etmişik. Bəzən səni özümlə getməyə məcbur edərdim. Çünki sənin yanında insan dərdini unudardı. 

Moskvaya üç günlük getmişdik, dostum Tahir bəy (Tahir Hacıyev) bizi bir həftə buraxmadı. Sən maşın sürəndə yolboyu rahat yatardım. Sənin qədər etibarlı sürücü az tapılardı.

Bəzən mübahisə edər, küsərdik. Amma üç gündən artıq küsülü qalmazdıq. Çünki qardaşlığımız incikliklərdən güclü idi.

Bəhruz, sən heç vaxt heç kimə yük olmadın. Əksinə, Güney Azərbaycanın dərdini, ailənin, doğmalarının və dostlarının qayğısını çiyinlərində daşıdın. Sənin kimi qayğıkeş, sədaqətli və tərbiyəli insana həyatda çox az rast gəlmişəm.

Mən dünyasını dəyişən hər kəs haqqında mütləq xoş söz deməyi doğru saymıram. İnsan sağlığında qoyduğu izlə dəyərlidir. Sən isə yaddaşımda həmişə yaxşılığın, sədaqətin və qardaşlığın nümunəsi olaraq qalacaqsan.

Kaş bu amansız xərçəngin dərmanı tapılaydı, kaş səni itirməyəydik!

Qızın Nüşafərin (Nuşa) bu gün Amsterdamda tanınmış diş həkimidir. Tomrislə bacılıqları davam edir. Nəvələrin böyüyür, sağlamdırlar. Həyat davam edir, Bəhruz…Təkcə sən yoxsan…

Deyirlər, kişi ağlamaz. Mən isə itirdiyim sədaqətli dostlarımı xatırlayanda bəzən tənha bir guşəyə çəkilib ağlayan vaxtlarım olur…

Qürbətdə dost itkisi adamın keçmişindən, ömründən bir parçanı aparır.

Bos en Lommerdəki məclislərimiz, səfərlərimiz, söhbətlərimiz artıq xatirələrə çevrilib… Amma sənə olan qardaşlığım heç vaxt bitməyəcək.

Əziz dostum, qardaşım Bəhruz, sən həmişə qəlbimdəsən!

Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun!

Qardaşın, dostun, əqidədaşın, Elman Mustafazade