Elman Mustafazade 

I hissə

Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbasla parlamentin sədri Sahibə Qafarova arasında yaşanan gərginlik cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə müxtəlif fikirlərlə qarşılaşdıqca mən də bu məsələyə münasibət bildirməyi qərara aldım.

Mənim üçün bu polemika təkcə iki millət vəkilinin münasibəti məsələsi deyil. Burada Qarabağdan olan insanının dərdi, bölgəçilik düşüncəsi, şəxsi münasibətlər, siyasi mövqe və ən əsası, Vətən qarşısında xidmətləri olan insanların öz ölkəsində haqqına çatmaq problemi var…

Məsələyə əvvəlcə Aqil Abbasdan başlamaq istəyirəm.

Aqil Abbas: tanıdığım insan və deputat

Qarabağ hadisələrinin ilk illərində Aqil Abbası tez-tez Ağdamda, qaynar nöqtələrdə görərdim. Dəfələrlə Ağdam “Pionerlər Evi”- ndə yerləşən qərargahda, rəhmətlik Eldar Bağırovun otağında görüşərdik. 

O illər ağır günlər idi. İnsanları tutduqları vəzifəyə, imkanlarına görə deyil, Vətən üçün etdiklərinə, çətin gündə göstərdikləri mövqeyə görə tanıyırdıq.

Aqil Abbasın imkanlı ailədən olduğunu bilirdik. Ancaq imkanlı ailədə böyümək hələ səxavətli, əliaçıq insan olmaq demək deyil. Mən onun imkansız, xəstəsi olan neçə-neçə ailələrə yardım etdiyinin şəxsən şahidi olmuşam. Bu, onun insani keyfiyyətlərindən biridir və bunu danmaq düzgün olmazdı.

Bundan əlavə Aqil Abbasın neçə-neçə peşəkar jurnalistin yetişməsində də xidmətləri danılmazı. 

Onun bu sahədəki əməyini də yüksək qiymətləndirirəm.

Bununla belə, insanın şəxsi keyfiyyətlərinə hörmətlə yanaşmaq onun bütün siyasi mövqelərini bölüşmək demək deyil.

Aqil Abbasın da digər deputatlar kimi siyasi konyunkturanın təsirindən kənarda qalmadığını düşünürəm. 

Məncə O, yəqin ki, bölgəçilil prinsipi ilə formalaşan parlamentdə ağdamlı olmağın, Qarabağdan gələn bir insan kimi öz bölgəsinin problemlərini dilə gətirməyin hansı çətinliklərlə müşayiət oluna biləcəyini hamıdan yaxşı anlayır…

Milli Məclisdə müxtəlif bölgələrdən olan insanların təmsilçiliyi məsələsi də cəmiyyətdə müzakirə olunan mövzulardandır. 

Mənim qənaətimcə, parlamentdə kimin haradan olması deyil, kimin hansı düşüncəni təmsil etməsi, xalqın dərdinə nə dərəcədə şərik çıxması əsas meyar olmalıdır.

Bütün bunlara baxmayaraq, Aqil Abbasın zaman-zaman öz ellilərinin dərdini dilə gətirməsini təqdir edirəm. Çünki bəzən insanın dilə gətirdiyi bir fikir təkcə onun şəxsi mövqeyi deyil, illərdir eşidilməyən insanların ümumi harayı olur…

Sahibə Qafarovaya hörmətimin səbəbi

Sahibə Qafarova haqqında danışmazdan əvvəl mənim üçün xüsusi yeri olan bir şəxsiyyəti xatırlamaq istəyirəm.

Gənc yaşlarımdan tanıdığım, bir həyətdə yaşadığım, aramızda doğma ata-oğul münasibəti olan mərhum Murtuz Ələsgərov mənim yaddaşımda millətini və Vətənini sevən, gənclərə ata qayğısı ilə yanaşan böyük alim və gözəl ailə başçısı kimi qalıb. O, öz mövqeyini açıq ifadə etməkdən, sözünü deməkdən heç vaxt çəkinməzdi.

Belə bir şəxsiyyətdən sonra Oktay Əsədovun Milli Məclisin sədri kimi nə qədər cılız göründüyünü düşünürdüm. 

Mənim qənaətimcə, onun yeganə üstünlüyü “Ermənistanlı” olması idi. 

Halbuki dövlət vəzifəsinə layiqliliyin ölçüsü insanın hansı bölgədən gəlməsi deyil, biliyi, mədəniyyəti, şəxsiyyəti və dövlətçilik mövqeyi olmalıdır.

Bölgəçilik düşüncəsinin cəmiyyətdə bu qədər qabarıq hiss olunduğu bir mühitdə Sahibə Qafarovanın Milli Məclisin sədri təyin olunması məni çox sevindirdi. Onun yüksək mədəniyyəti, kübar davranışı və ziyalı kimliyi ilə bu vəzifədə təmsil olunmasını həmişə müsbət qarşıladım. Qadınların yüksək dövlət vəzifələrində təmsilçiliyinin daha geniş olmasını həmişə arzulamışam. 

Atasız böyümüş bir insan kimi savadlı, iradəli, kübar Azərbaycan qadınlarını cəmiyyətin ən yüksək pillələrində görmək mənim üçün xüsusi məna daşıyır və bunu həmişə arzulamışam.

Mən qadının vəzifəyə yüksəlməsini yalnız fərdi uğur hesab etmirəm. Bu, eyni zamanda cəmiyyətin qadının biliyinə, bacarığına və şəxsiyyətinə verdiyi dəyərin göstəricisidir.

Sahibə xanıma hörmətimi məhz buna görə də onun diqqətinə çatdırmaq istədiyim fikirləri səmimi şəkildə ifadə etməyi özümə borc bilirəm.

Mənim taleyim və Qarabağ qarşısında xidmətlərim

Hörmətli Sahibə xanım!

İndi isə Aqil Abbasın səsləndirdiyi fikirlərin niyə mənim üçün də əhəmiyyətli olduğunu izah etmək istəyirəm.

Əslim-köküm laçınlı olsa da, Şuşada böyümüşəm. Laçının qədim və böyük şəcərələrindən olan Hacısamlar nəslinə bağlıyam. 

İmanlar, Şəlvə dərəsi, Budaq dərəsi, Zorkeş və digər kəndlər ulu babalarımın mülkləri olub. Bu torpaqlar mənim üçün sadəcə coğrafi adlar deyil. Onlar mənim köküm, tarixim, uşaqlıq xatirələrim və mənsub olduğum elin yaddaşıdır.

Ancaq bu gün həmin torpaqlarda özümə bir daxma belə əldə edə bilmirəm.

Mən bunu kimdənsə imtiyaz tələb etmək üçün demirəm. Sadəcə, insanın öz doğma yurdunda özünü nə qədər yad hiss edə biləcəyini anlatmaq istəyirəm.

Otuz altı ildir qürbətdə yaşayıram. Bu illər ərzində beynəlxalq forumlarda, müxtəlif tədbirlərdə Qarabağı könüllü və təmənnasız təmsil etmişəm. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün imkanım daxilində çalışmışam.

Qarabağ hadisələrinin ilk illərində yaradılmış özünümüdafiə dəstələrindən birinə rəhbərlik etmişəm. Ehtiyatda olan zabitəm. Buna baxmayaraq, bu günədək veteran kitabçası ala bilməmişəm.

Mənim üçün əsas məsələ bir sənədin olub-olmaması deyil. Əsas məsələ insanın çəkdiyi zəhmətin, göstərdiyi xidmətin tanınması və ona ədalətlə yanaşılmasıdır.

İllərlə Vətəndən uzaqda yaşayıb onun dərdini öz dərdi bilən, beynəlxalq tədbirlərdə Qarabağı təmənnasız təmsil edən, çətin günlərdə özünümüdafiə dəstələrinə rəhbərlik edən bir insanın bu gün öz doğma torpağında belə özünə yer tapa bilməməsi düşündürücü deyilmi?

Bəs onda mənim kimi insanların Vətən qarşısındakı xidmətləri necə qiymətləndirilməlidir?

Hörmətli Sahibə xanıma müraciətim

Hörmətli Sahibə xanım!

Sizdən xahişim budur ki, Aqil Abbasın fikirlərini qəribliyə salmayın. İnanın ki, onun səsləndirdiyi təklif bir nəfərin şəxsi arzusu ilə məhdudlaşmır. Bu, mənim kimi çoxsaylı Qarabağ insanlarının da ürəyindən keçən arzudur.

Qarabağda aparılan quruculuq işlərini inkar edənlərə lənət olsun!!!

Şuşada və digər azad edilmiş ərazilərimizdə görülən işləri, çəkilən zəhməti danana lənət oldun!!!

Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın iradəsi və Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış möhtəşəm qələbə tariximizin şanlı səhifəsidir. Bu qələbəni görməyənlərə, onun sevincini bölüşməyənlər kor olsun!!!

Amma quruculuq işlərini alqışlamaqla yabaşı həmin torpaqların insanlarının problemlərini dilə gətirmək bir-birinə zidd deyil. 

Əksinə, həqiqi vətənpərvərlik həm qazanılan uğurları qiymətləndirməyi, həm də həllini gözləyən problemləri səmimiyyətlə söyləməyi tələb edir.

Şuşada böyük quruculuq işləri aparılır. Buna sevinirəm. Ancaq bir məsələni də bilmək istərdim: bu quruculuq işlərində neçə şuşalı iştirak edib? 

Doğma şəhərlərinin yenidən qurulmasında neçə şuşalıya işləmək, öz əməyini ortaya qoymaq imkanı yaradılıb?

Bu sualları quruculuğa kölgə salmaq üçün deyil, həmin quruculuğun mərkəzində insan amilinin dayanmalı olduğunu xatırlatmaq üçün verirəm.

Çünki şəhərləri yalnız binalar, yollar və parklar yaşatmır. Şəhərləri onların insanları, xatirələri, nəsillərin davamlılığı və doğma torpağa bağlılıq yaşadır.

Bəs arxasız insanlar neyləsin?

Əziz Sahibə xanım!

Azərbaycanda qohumluğun, tanışlığın, bölgəçiliyin və tayfaçılığın hələ də öz təsirini göstərdiyi bir şəraitdə mənim kimi internat məktəbində böyümüş, arxası və dayağı olmayan insanlar neyləsinlər?

Həyatda hər kəsin arxasında dayanan bir ailəsi, nüfuzlu qohumu, kömək edəcək tanışı olmur axı. Bəzilərimiz həyata daha çətin şərtlərlə başlayırıq. Nə qapımızı döyüb haqqımızı tələb edəcək adamımız olur, nə də problemimizi həll etdirəcək bir tanışımız.

Belə insanların yeganə dayağı ədalət, qanun və dövlətin vətəndaşına bərabər münasibəti olmalıdır.

Əgər bunlar da yoxdursa, onda insan ömrü boyu göstərdiyi xidmətlərin, çəkdiyi zəhmətin, Vətənə bağlılığının qarşılığında nə gözləməlidir?

Mən bu sualları kiməsə düşmənçilik etmək üçün vermirəm. Mənim heç kimdən şəxsi umacağım yoxdur. İstədiyim odur ki, insanlara münasibət onların kimə qohum olmasına, hansı bölgədən gəlməsinə, hansı çevrəyə mənsubluğuna görə müəyyən edilməsin.

Dövlətin qapısı hamıya eyni dərəcədə açıq olsun. Vətənə xidmətin qiyməti insanın vəzifəsi, tanışları və siyasi mövqeyi ilə ölçülməsin.

Aqil Abbas uzun illərdir mövcud hakimiyyətə xidmət edən, siyasi konyunkturaya uyğun mövqe tutmaqda tanıdığım bir deputatdır. Bununla belə, onun arzuları belə əlçatmaz xəyala çevrilirsə, arxasında heç kimin dayanmadığı insanların vəziyyətini təsəvvür etmək çətin deyilmi?

Aqil Abbasın təklifi “Zəncinin arzuları”na dönübsə, arxasızlar neyləsin?

Mənim əsas narahatlığım budur.

Vətən uğrunda mübarizə aparan, Qarabağın dərdini öz dərdi bilən, ömrünün illərini onun həqiqətlərini dünyaya çatdırmağa sərf edən insanlar bu gün öz ölkələrində özlərini kənarda qalmış yad adam kimi hiss etməməlidirlər.

Biz torpaqlarımızı azad etdik. İndi isə həmin torpaqlarda ədaləti, bərabərliyi və insan ləyaqətini daha da möhkəmləndirməliyik.

Çünki Vətən yalnız uğrunda döyüşdüyümüz torpaq deyil. Vətən həm də insanın öz haqqını axtararkən yad qalmadığı, xidmətlərinin unudulmadığı, arxasız olduğu üçün kənara atılmadığı yerdir. Bunun adı Vətəndir.

Hörmətlə, Elman Mustafazade

Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, “Xudafərin” (www.xudaferin.eu) jurnalının baş redaktoru