8 Noyabr — Azərbaycan xalqının tarixində ən şərəfli, ən qürurlu gündür. Bu gün 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Zəfərin, Şuşanın azad olunmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin rəmzidir.
2020-ci ilin 8 noyabrında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı — Qarabağın ürəyini işğaldan azad etdi. Bu, sadəcə bir şəhərin azadlığı deyildi. Bu, 30 illik həsrətə, 30 illik ağrıya son qoyan tarixi qələbə idi.
Bu Zəfər, şəhidlərimizin qanı, qazilərimizin canı, xalqımızın birliyi və Ordumuzun gücü hesabına qazanıldı. Biz bu gün Şuşada, Xankəndidə, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə Azərbaycan bayrağının dalğalanmasını məhz onlara borcluyuq.
*Şəhidlər ölməz, Vətən bölünməz!*
Bu gün biz təkcə Zəfəri qeyd etmirik. Biz həm də şəhidlərimizi anırıq, qazilərimizə minnətdarıq, gələcək nəsillərə bu Zəfərin necə qazanıldığını çatdırmağa borcluyuq.
8 Noyabr — Zəfər Günü təkcə bir bayram deyil, bir milli yaddaşdır. Bu yaddaş heç vaxt unudulmayacaq.
*Bakı Müstəqil TV olaraq bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirik!*
Qarabağ Azərbaycandır!
Bakımüstəqiltv.info nun Təsisçisi və icraçı direktoru İlham Rəsulzadə
