Xatırlatmaq istəyirəm ki, 12 oktyabr Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə  zərər vurub.İctimai  qaydanı  kobud şəkildə pozub, nəqliyyat vasitələrinin hərəkətinə cəhd edib. Faktla bağlı Daxili İşlər Nazirliyinin müvafiq istintaq qurumlarında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb  hərəkətləri təşkil etmə və  ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə 37 nəfər həbs olunub .

Onuda qeyd etmək istəyirəm ki,məktəb yalnız bilik verilən məkan deyil, həm də gələcək nəsillərin formalaşdığı, uşaqların vətənə sevgi, dövlətə bağlılıq və qanunlara hörmət ruhunda yetişdiyi mühüm ictimai institutdur:

Bu mühitin qorunması, təhsil işçilərinin nüfuzuna hörmət edilməsi və şagirdlərin təhsil hüququnun təmin olunması hər kəsin məsuliyyətidir. Məktəblərimizdə dövlətçilik düşüncəsinin, milli-mənəvi dəyərlərə bağlılığın və vətəndaş məsuliyyətinin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki dövlətə sədaqət, qanunlara hörmət və cəmiyyət qarşısında məsuliyyət ilk növbədə ailədə və təhsil mühitində formalaşır. Bu prinsiplərə zidd davranışlar isə təkcə təhsil prosesinə deyil, bütövlükdə cəmiyyətin sağlam mənəvi mühitinə və ictimai münasibətlərə mənfi təsir göstərir. Azərbaycan xalqı Vətən müharibəsi zamanı nümayiş etdirdiyi birlik və həmrəyliklə bütün dünyaya sübut etdi ki, söhbət Vətənin taleyindən və dövlətin maraqlarından gedəndə xalqımız öz dövlətinin ətrafında sıx birləşməyi bacarır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər dövlət-xalq birliyinin, milli həmrəyliyin və sarsılmaz iradənin təntənəsi oldu. Bu Zəfər bir daha göstərdi ki, güclü dövlətin təməlində milli birlik, dövlətçilik ənənələrinə sədaqət və ümumi məqsədlər naminə birgə fəaliyyət dayanır. Məhz bu birliyin qorunması Azərbaycanın müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin günlərdə nümayiş etdirdiyimiz birlik bu gün də qorunmalı, gündəlik həyatımızda və cəmiyyət qarşısında məsuliyyətimizdə öz əksini tapmalıdır.


Hər kəs hər zaman dövlətimizin yanında olmalı, milli maraqlarımızı qorumalı və cəmiyyətimizə kənardan təsir göstərmək, insanları qarşıdurmaya sövq etmək cəhdlərinə qarşı ayıq-sayıq davranmalıdır:

Yad təsirlərin cəmiyyətimizdə parçalanma yaratmasına, ictimai sabitliyə xələl gətirməsinə imkan verməməliyik. Dövlətçilik ruhunun qorunması, milli-mənəvi dəyərlərimizə sahib çıxılması və qanunun aliliyinə hörmət hər bir vətəndaşın mövqeyində ifadə olunmalıdır. İctimai asayişin pozulmasına, radikal çağırışlar vasitəsilə qarşıdurma yaradılmasına və təhsil prosesinə müdaxiləyə biganə qalmaq olmaz. Sözsüz ki, ölkəmizin peşəkar hüquq-mühafizə orqanları tərəfindən belə hadisələrin bütün halları obyektiv araşdırılacaq, hüquq pozuntularına qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək. Eyni zamanda, hər birimiz məsuliyyətli davranmalı, cəmiyyətdə sabitliyin və qarşılıqlı hörmətin qorunmasına töhfə verməliyik.

Bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini və təhlükəsizliyini qorumaq, dövlətimizin mənafeyini hər şeydən üstün tutmaq hamımızın borcudur:

44 günlük Vətən müharibəsində nümayiş etdirdiyimiz həmrəylik yalnız tarixi Zəfərimizin deyil, həm də gələcək inkişafımızın mühüm təminatıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, möhkəmlənən dövlətçilik ənənələri və qorunan milli maraqlar hər birimizdən bu tarixi nailiyyətlərə məsuliyyətlə yanaşmağı tələb edir. Müstəqilliyimizin və suverenliyimizin qorunması, dövlətimizin beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin davamlılığının təmin olunması ümumi məqsədimiz olmalıdır. Dövlətimizin yanında dayanmaq, milli maraqlarımızı qorumaq, yad təsirlərə qarşı prinsipial mövqe nümayiş etdirmək və qanunun aliliyini dəstəkləmək hər birimizin vətəndaşlıq borcudur.

Azərbaycan dövlətçiliyinin sarsılmazlığı xalqımızın birliyindən, milli dəyərlərimizə sədaqətindən və dövlətin mənafeyini şəxsi və qrup maraqlarından üstün tutmaq iradəsindən qaynaqlanır. Bu baxımdan, hər bir vətəndaşın dövlətçiliyin möhkəmləndirilməsinə, milli həmrəyliyin qorunmasına və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Silahlı qüvvələri veteranı və müharibə veteranı, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Musayev