Vətən torpağın altında uyuyan əcdadlarımız, torpağın üstündə yaşayan övladlarımız, sabaha daşıdığımız ümidlərimizdir.
İman isə insanın qəlbindəki inam, vicdanındakı tərəzi, haqqı nahaqdan ayıran mənəvi işıqdır. Vətən sevgisi ilə iman bir insanın qəlbində yanaşı yaşaya bilər. İnsan Allahına iman gətirər, Vətənini sevər, haqqı qorumaq, insanlığa xidmət etmək üçün məsuliyyət daşıyar.
Bəs şəhidlik nədir?
Şəhidlik bir ömrün yarımçıq qalması, bir ananın gözlərinin yollarda donması, bir atanın saçlarının vaxtından əvvəl ağarması, bir evdə heç vaxt açılmayacaq qapının həsrətidir. Şəhidlik bir xalqın yaddaşına həkk olunan ad, bir ailənin ömrü boyu daşıdığı ağrı, millətin qarşısında baş əydiyi fədakarlıqdır.
Şəhidlərimizin adını yalnız ildönümlərində xatırlamaqla kifayətlənməməliyik. Onların uğrunda can verdikləri torpağa, bayrağa, xalqa və mənəvi dəyərlərə münasibətimizlə də bu yaddaşı yaşatmalıyıq.
Qazilik isə müharibənin bitdiyi gün bitməyən bir mübarizədir. Bəzisinin qolunda, ayağında, gözündə qalan yaranı hamı görür, bəzisinin daxilində daşıdığı ağrını isə heç kim bilmir. Bəzən bir qazi küçədən keçir, insanlar onun yarasına baxır, amma gecələr hansı xatirələrlə mübarizə apardığını, hansı ağrılarla yuxuya getdiyini bilmirlər.
Qazi yalnız keçmiş döyüşün iştirakçısı deyil. O, bu gün də anlayışa, hörmətə, qayğıya və cəmiyyətin yanında olmasına ehtiyac duyan insandır. Ona göstərilən diqqət bir günlük mərasimlə, bir təbriklə məhdudlaşmamalıdır.
Şəhidin xatirəsinə hörmət, qazinin həyatına qayğı ilə ölçülür.
Vətən sevgisi yalnız döyüş meydanında göstərilmir. Bəzən Vətənə xidmət şəhid övladının əlindən tutmaqdır, qazinin dərdini dinləməkdir, əsgər ailəsinin qapısını döyüb halını soruşmaqdır. Bəzən haqsızlıq qarşısında susmamaq, əmanətə sahib çıxmaq, övladlarımıza dürüstlük və mərhəmət öyrətməkdir.
İman bizə mərhəməti, ədaləti, səbir və məsuliyyəti xatırladır. Vətən sevgisi isə bu dəyərləri yaşadığımız torpaqda əmələ çevirməyi tələb edir.
Gəlin, şəhidlərimizi yalnız göz yaşlarımızla deyil, əməllərimizlə də yaşadaq. Qazilərimizi yalnız qəhrəman adlandırmayaq, onların insan kimi ehtiyaclarını da görək. Bayrağımızı yalnız əlimizdə deyil, vicdanımızda da uca tutaq.
Çünki Vətən bizə əmanətdir. Şəhidlərin xatirəsi əmanətdir. Qazilərin haqqı əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər birimizin mənəvi məsuliyyətidir.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların haqqını ödədiyimizi iddia etmək də doğru olmaz. Heç bir yardım bir ömrün yerini verməz, heç bir təbrik itirilmiş sağlamlığı geri qaytarmaz. Amma laqeyd qalmamaq bizim əlimizdədir.
İmanlı olmaq yalnız ibadətlə ölçülən bir məsələ kimi təqdim edilə bilməz; insanın davranışında ədalət, mərhəmət və məsuliyyət də öz əksini tapmalıdır. Vətən sevgisi də təkcə şüarlarla deyil, əməllərlə görünməli...
Bəs biz nə edirik? Şəhidlərin adından danışıb onların əmanətinə yaraşan davranış göstəririkmi? Qazilərin qarşısında hörmətlə dayanıb arxamızca onların haqqını müdafiə edirikmi? Yoxsa hər şeyi mərasimlərə, çıxışlara və sosial şəbəkələrdə yazılan bir neçə cümləyə sığışdırırıq?
Məncə, artıq özümüzə bu sualları verməyin vaxtıdır.
Vətənpərvərlik yalnız döyüş meydanında sınanmır. O, sülh günlərində də insanın vicdanında sınağa çəkilir. Şəhidin ailəsinə münasibətimizdə, qazinin haqqına sahib çıxmağımızda, əsgər ailəsinin namusuna və ləyaqətinə hörmətimizdə özünü göstərir.
Şəhidin məzarına gül qoymaq olar, amma onun əmanətinə sahib çıxmaq üçün insanın qəlbində mərhəmət, əməlində sədaqət, vicdanında ədalət olmalıdır.
Unutmayaq: bu gün rahat nəfəs alırıqsa, sabaha ümidlə baxırıqsa, bunun arxasında böyük fədakarlıqlar dayanır. Həmin fədakarlıqları yalnız xatırlamaq yox, onların bizə yüklədiyi məsuliyyəti də daşımaq lazımdır.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulamaq gözəldir. Amma gəlin, dualarımızı əməllərimizlə də tamamlayaq.
Çünki Vətəni sevdiyini demək başqa, Vətən uğrunda can verənlərin əmanətinə sahib çıxmaq başqadır.
Roza Əliqızı
Hərbi jurnalist
Qarabağ müharibə veteranı
