Vətən müharibəsinin qəhrəman döyüşçülərindən  biri olan Şəhid kapitan Həmid Cəfərlinin 5 oktyabr tarixində 2-ci  fəxri xiyabanda anım mərasimi keçiriləcək.

Xatırladaq ki, Həmid Cəfərli 1990-cı il avqustun 1-də Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri Xətai rayonu 88 saylı orta məktəbə daxil olmuşdur. 8-ci sinifə qədər bu məktəbdə təhsil almışdır. 2004-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2007-ci ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2011-ci ildə həmin məktəbi “Qoşun Kəşfiyyatı” ixtisası üzrə bitirərək "leytenant" rütbəsi almışdır.

Daha sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə Zabit ixtisas kursuna göndərilmişdir. Leytenant Həmid Cəfərli 24 iyun 2011-ci il tarixindən 24 iyun 2012-ci il tarixinədək TTM-də kəşfiyyatçı tağım komandiri kursunda təhsil almışdır. Ailəli idi, Cabbar və Hüseyn adlı 2 oğlu və Zeynəb adlı 1 qızı yadigar qaldı.

Həmid Cəfərli 2012-ci ildə N saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün Tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildə hərbi hissə komandiri tərəfindən döyüş və ictimai hazırlıqda nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuş, "baş leytenant" rütbəsi almışdır. 2015-ci ildə isə Qazax rayonundakı N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilmişdir. 2016-cı ildə xüsusi xidmətlərə görə vaxtından əvvəl "kapitan" rütbəsi almışdır. 2017-ci ildə isə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə komandir müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Ordusunun kapitanı olan Həmid Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmid Cəfərli oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Hörmətlə: İlham Rəsulzadə