VƏTƏNİN ALINMAZ QALASI

Müəllif: Şair Paşa Əlioğlu

Azərbaycan tarixinin 44 günlük Zəfər dastanı minlərlə qəhrəmanlıq səhifəsindən ibarətdir. O səhifələrin ən parlaqlarından biri də polkovnik-leytenant Həmdəm Mayıl oğlu Ağayevin adı ilə bağlıdır. O, Vətən üçün doğulmuş, Vətən üçün yaşamış və Vətən üçün şəhid olmuş əsl zabit, əsl kişi ömrünün timsalıdır.

I. Kökü Sırxavənddən, yolu Vətəndən keçən ömür

Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun qədim Sırxavənd kəndində dünyaya göz açmışdır.  

Onun yeniyetməliyi ən ağır illərə təsadüf etdi. O, hələ orta məktəb şagirdi ikən torpaqlarımızın işğalı başladı. Silah tutmağı əsgərdən yox, həyatdan öyrəndi. 1993-1994-cü illərdə cəmi 18-19 yaşında ikən Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə könüllü iştirak etdi.  

Bu, onun ilk cəbhəsi, ilk andı idi. 1994-cü ilin mayında atəşkəs elan olunduqdan sonra o, evə qayıtmaq əvəzinə, peşəkar hərbçi olmaq qərarına gəldi. Elə həmin il Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil oldu və 1999-cu ildə ali hərbi təhsilini şərəflə başa vurdu.  

II. Naxçıvandan Qusara - Peşəkar zabitin zirvəyə yolu

Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissəsində leytenant rütbəsi ilə xidmətə başladı.  

Onun xidmət yolu intizam, zəhmət və ləyaqət yolu idi:

• 2003-cü ildə baş leytenant • 2004-cü ildə kapitan • 2006-cı ildə mayor • 2012-ci ildə polkovnik-leytenant rütbələrini aldı.   

Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.  

2010-2017-ci illərdə 4-cü Ordu Korpusunda, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən hərbi hissənin Komandir müavini - Qərargah rəisi, 2018-ci ildən etibarən isə 4-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsində xidmət etdi. Əsgərləri onu sərt, amma ədalətli, tələbkar, amma atayürekli komandir kimi xatırlayır. Bir oğul və bir qız atası idi.  

III. Füzuli döyüşləri - Son əmr, son nəfəs

2020-ci il 27 sentyabr - Vətən müharibəsi başladı. Polkovnik-leytenant Həmdəm Ağayev Füzulinin azadlığı uğrunda gedən ən ağır döyüşlərə rəhbərlik edənlərdən biri oldu.  

Oktyabrın 3-də hər iki ayağından yaralandı. Həkimlər geri çəkilməyi əmr etdi, amma o, yaralarını özü sarıyaraq döyüşə davam etdi.

Kəşfiyyat məqsədilə düşmən nəzarətində olan ərazilərə keçdi, oktyabrın 9-na kimi düşmənə ağır zərbələr vurdu. Tapşırığı yerinə yetirib geri dönərkən düşmən snayperinin gülləsinə tuş gələrək qəhrəmancasına şəhid oldu. Bəzi rəsmi mənbələrdə şəhadət tarixi oktyabrın 4-ü kimi qeyd olunsa da, xidmət etdiyi korpusun və ailəsinin təsdiqi ilə şəhadət günü 9 oktyabr 2020-ci ildir.  

Onun nəşi II Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Dövlətimiz şəhidimizin qəhrəmanlığını yüksək qiymətləndirdi. Prezident İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra:

• “Vətən uğrunda” medalı   • “Azərbaycan Bayrağı” ordeni   • “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.    

IV. Yaşayan Xatirə

Həmdəm Ağayev sadəcə bir zabit deyildi, o, məktəb idi. O, sübut etdi ki, Sırxavənddən çıxan uşaq da general ola bilər, Vətənə sədaqət rütbədən böyükdür. Bu gün Ağdamın azad Sırxavəndində onun adı küçələrə, məktəblərə verilir, haqqında kitablar yazılır.

Onun iki övladı atasının bayrağını qürurla daşıyır. Bizə düşən isə o bayrağı heç vaxt endirməməkdir.

Ruhu şad, məkanı cənnət olsun!

BU ŞEİRİMİ ŞƏHİD HƏMDƏMƏ İTHAF EDIRƏM 

Müəllif: Paşa Əlioğlu

Sırxavənddən doğan o alov oğlu,

Ağdərədə çaxan şimşək səsi oğlu.

Vətən darda qalan qızıl köz oğlu,

Döyüşlərdə bitən gənclikdir Həmdəm.

Naxçıvanda pöhrə, Qusarda iz oğlu,

Korpusda qərargah, eldə söz oğlu.

Əsgərinə ataydı, özü düz oğlu,

Zabitlikdə örnək, andlıqdır Həmdəm.

Füzulidə qanı axan sel oğlu,

Yarasın sarıyıb duran ər oğlu.

Snayperə sinə gərən könül oğlu,

Şəhidlikdə zirvə, ucalıqdır Həmdəm.

Paşa Əlioğlu deyir, eldən qalan,

Bayraq ordeni ilə göyə qalxan.

Adın tarix yazdı, dildə qalan,

Unutmaz bu millət, varlıqdır Həmdəm!

                 30.09.2026

Tərtibatçı: "ÖMÜRDƏN SƏHİFƏLƏR" verlişinin lahiyə rəhbəri, AJB-nin üzvü, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri üzvü, vətənpərvər, sülhsevər şair-yazar BayramAşıqlı.